Hüseyn Axundovla Aqşin Bəbirov əsirlikdən azad edildilər. Vətənə, evlərinə döndülər. Ailələrinə qovuşdular. Hamılıqla buna çox sevindik.
Sevindik və... bir də Aqşinlə Hüseynə verilən suallara yükləndik. Daha doğrusu, sual verənlərə. Soruşurlar: "Sizinlə necə davranırdılar?" və sair.
Təbii ki, yersiz sualdır. Ancaq əslində jurnalistləri buna görə qınamaq da olmaz. Veriləcək bir sual vardı: "Aqşinlə Hüseyn nə vaxt əsirlikdən azad olunacaq?" Bu suala da dövlət cavab verdi. 32 erməni əsgərinə qarşılıq iki əsgərimizi geri qaytardı. Özgə torpağında işğalçılıqla, terrorçuluqla məşğul olmuş 32 erməni əsgəri və öz torpağını qoruyan 2 əsgər.
Bəli, mütənasib görünmür. Ancaq: "Deməli, bizim bir əsgərimiz onların 16 əsgərinə dəyər" deyib söhbətin başını bağlayaq. Üstəlik, jurnalistlərin keçmiş əsirlərə nə sual verdiyindən çox onların nə cavab verdiyi önəmlidir. Aqşin Bəbirov, məsələn, çox maraqlı cavab verdi. Əsl əsgər cavabı: "Bu Vətən üçün can da verərik, can da alarıq".
"Can alarıq" demişkən. Dövlət sağ olsun, biz 32 terrorçu bədənini verib, 2 canımızı geri aldıq da. Bəs Ermənistanda əsirlikdə, girovluqda saxlanan minlərlə canımız necə olacaq?! Rəsmi rəqəmlərə görə, 1991-1994-cü illər ərzində işğalçı Ermənistan 4000-dən çox Azərbaycanlını əsir, girov götürüb. Yaşlılar, xəstələr vəfat edib, anladıq. Yenə də minlərlə insan hələ də əsirlikdə, girovluqdadır. Əgər həyatdadırlarsa.
Zamanında biz Azərbaycan olaraq qarşı tərəfə təklif etdik ki, əsirləri, girovları "hamının hamıya" prinsipi ilə dəyişək. Bizdə girov yoxdur, əsir vardı. Ancaq düşmən tərəfdə əsir də, girov da çoxdur. Minlərlə insan. Biz müharibənin əvvəlki fazasında məğlub idik deyə "hamının hamıya" prinsipini təklif edirdik, amma indi qalibik, tələb edə bilərik.
1993-cü ildə, tutaq ki, 20 yaşında əsir alınanın, girov götürülənin indi 50 yaşı var. Hələ yaşanacaq illəri var adamın. Bəs onu ala biləcəyikmi?! Həyatdadırsa, dirisini alaq, gəlib yaşasın ömrünün qalanını. Həyatdan gedibsə, ölüsünü versinlər, adətə uyğun dəfn edək, ruhu rahatlıq tapsın. Ailəsinin gözü yollardan yığılsın artıq. Biz onların 50 il qabaq Bakının mərkəzində cah-cəlal içində yaşayıb öz əcəli ilə öləninin sümüklərini də aparıb Tiflisdə özlərinə verdik. Onlar da verməlidir, bizim insanlarımızın nəşini. Niyə vermirlər?! Niyə ala bilmirik?! O minlərlə canımızı geri almaq üçün gedib İrəvanımı almalıyıq?!
Bir sözlə, jurnalistin əsirlikdən gələnlərimizə hansı sualları verməsi önəmli deyil. Bizim hələ əsirlikdə qalanlarımız haqda suallarımız var. Belə demək olarsa, əsirlikdə qalan suallarımız.
Bu sualların hələlik cavabı yoxdur. Biz dövlət olaraq o əsirləri unutduqmu?! Yox, unutmadıq; xüsusi bir komissiya da var, işləyir. Ancaq hələ bir nəticə yoxdur. Bəli, zaman-zaman əsirlikdən, girovluqdan azad etdirdiklərimiz oldu. Tək-tək, ya da kiçik qruplarla. Ancaq əksəriyyət hələ də orda qalıblar. Əlbəttə, həyatda qalıblarsa. Biz Ermənistanla sülh danışıqları aparırıq. Bu məsələ də danışıqların mövzuları arasında varmı, yoxmu?! Bu sualın cavabını bilmirik. Yəqin ki var. Olmasaydı, ümumiyyətlə, əsirlərin dəyişdirilməsi də olmazdı. Əgər Ermənistan, doğrudan da, sülh istəyirsə, niyə saxlayıb bizim o insanları?! Götürdükləri əsir də, əslində, əsir deyil; öz torpağında pusquya salınıb, yaralanıb oğurlanmış canlardır. Girovlar dinc kəndlilər, mülki insanlardır. Nə əsgərimin, nə mülki şəxsimin günahı yoxdur. Biri əlində bel-kürək öz torpağını əkib-becərirdi, o biri əlində silah öz torpağını qoruyurdu. Günahkar o torpaqları işğal edənlər, separatçılar, Qarabağı terror yuvasına çevirənlər idi. Bizim o minlərlə insanımızı əsir, girov saxlayan Ermənistana niyə heç kim "gözün üstə qaşın var" demir?! İnsan haqları, humanist prinsiplər o minlərlə Azərbaycanlının da haqqı deyilmi?!
Bax, görürsünüz?! Nə qədər normal sual var. Sual verən də var. Bundan sonrası qalır, cavab verənin öhdəsinə...
Bahəddin Həzi
Bahəddin Həzi, Bizimyol.info






