Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antoni Blinkenin zəngi: münasibətlər "əvvəlki kimi" olacaqmı?
Antoni Blinkenin zəngi: münasibətlər "əvvəlki kimi" olacaqmı?

ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. İki ölkə arasındakı münasibətlər, daha doğrusu, münasibətlərdəki problemlər müzakirə olunub. Bu haqda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAC) məlumat yayıb.

Dövlət katibi Blinken niyə zəng edib? Söhbət nədən gedib? Bu danışıqlar münasibətləri əvvəlki səviyyəsinə qaytaracaqmı? Və sair. Suallar çoxdur.

Əvvəla, ordan başlayaq ki, ABŞ dövlət katibi zəng edib; təşəbbüs Vaşinqtondan gəlib. Çünki münasibətlərdəki problemlər və ya soyuqluq ABŞ rəsmilərindən qaynaqlanıb, Azərbaycandan deyil. Blinkenin köməkçisi: "Münasibətlər daha əvvəlki kimi olmayacaq" cümləsini qurub, Azərbaycan prezidentinin köməkçisi, yaxud xarici işlər naziri deyil. Yüksək səviyyəli görüşləri və təmasları ləğv edən, yaxud etdiyini deyən ABŞ tərəfi olub. Azərbaycan, sadəcə, buna qarşılıq verib. Ona görə də problem hardan, kimdən qaynaqlanıbsa, elə ordan da bir üst səviyyədə ilk addım atılmalı idi və atıldı. Azərbaycan duruşunu pozmadı; bu insidentdə haqsızlığa uğrayan tərəf idi. Vaşinqtondan verilmiş və az qala ultimatum səviyyəsində olan bir bəyanat qarşısında geri addım atmadı, əksinə adekvat qarşılıq verdi. Bir halda ki, bu uğursuz ultimativ çıxış ABŞ dövlət katibinin köməkçisindən gəlmişdi, deməli, yanlışı düzəltmək də dövlət katibinin özünə düşərdi. Çox güman ki, bu məsələdə bir növ vasitəçilik missiyasını Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Dokerti etmişdi; bir neçə gün əvvəl Bakıdaydı və Azərbaycana dəstəyini bildirmişdi. Yenə də çox güman ki, Azərbaycan ABŞ-ın dövlət katibindən aşağı səviyyədə bir rəsmisindən deyil, Blinkenin özündən addım atılmasını gözlədiyini demişdi. Vaşinqton da bu istəyi və ya şərti qəbul edib ki, dövlət katibi özü zəng etmək qərarına gəlib.

Elə təkcə bu faktın özü ABŞ-ın bu məsələdə Azərbaycanın haqlı olduğunu qəbullandığını göstərir. Eyni zamanda bu, Azərbaycanın deyil, ABŞ-ın geri addım atmasıdır.

İkincisi, dövlət katibi Blinken öz köməkçisi Ceyms O'Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini istəyib. Azərbaycan bu şərtlə razılıq verib ki, bu səfərdən sonra Azərbaycan rəsmilərinin də ABŞ-a səfərlərinə qoyulmuş əsassız qadağalar aradan qaldırılsın. Dövlət katibi Blinken bu şərti də qəbul edib. Burda da Azərbaycan xahiş edən tərəf yox, tələb edən tərəfdir. Məsələ, sadəcə, rəsmi heyətlərin qarşılıqlı təmas və səfərlərinin bərpası ilə məhdudlaşmır; O'Braynın səfərinə şərtli razılıq rəsmi Bakının özünə bərabərhüquqlu tərəf kimi yanaşılması tələbi deməkdir.

Bu, həmin O'Brayndır ki, 2023-cü il noyabrın 15-də Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində Azərbaycanla bağlı həqiqətdən və diplomatik etiketdən uzaq, qərəzli, sanki Ermənistan baş nazirinin, yaxud xarici işlər nazirinin leksikonu və ritrokası ilə danışmışdı. Bununla da, prezident Əliyevin Antoni Blinkenə dediyi kimi, ikitərəfli münasibətlərə zərər vurmuşdu. Bu hadisədən sonra ABŞ-dan Azərbaycana gələcək ilk rəsmi şəxsin də məhz O'Brayn olacağı faktının özü Vaşinqtonun üzrxahlıq addımı kimi qəbul oluna bilər. O'Braynın özünün gəlməsi noyabrın 15-də Nümayəndələr Palatasındakı həmin qalmaqallı məşhur çıxışındakı tezisləri elə özünün təkzib etmiş olması deməkdir. Azərbaycan prezidentinin bu səfərə icazə verməsi, həm də bunu şərtli olaraq etməsi doğru addımdır. Bu, prezident İlham Əliyevin Xankəndidəki Zəfər paradındakı çıxışında söylədiyi kimi, Azərbaycanla ultimatumla danışmağın düzgün və mümkün olmadığını göstərən bir duruşdur.

Həmin məlum çıxışında O'Brayn faktik olaraq ultimativ tərzdə dolayısı ilə ifadə etmişdi ki, Azərbaycan sülh müqaviləsi ilə bağlı Ermənistanın şərtlərini qəbul etməsə, ABŞ-Azərbaycan münasibətləri "əvvəlki kimi" olmayacaq. Ermənistanın şərtləri isə ABŞ-ın şərtləri deməkdir, çünki hazırda Ermənistan hökuməti bu məsələdə qərarlarını ABŞ-ın, eləcə də, Avropa İttifaqının, Fransanın diktəsi ilə qəbul edir. Təbii ki, daha çox ABŞ-ın diktəsi keçərlidir; Paşinyanın hakimiyyətini, hətta şəxsi təhlükəsizliyini ABŞ qoruyur (hər halda ona belə vəd olunub). Buna görə də O'Braynın "ultimatum"u, əslində, Azərbaycana: "Sülh danışıqlarını biz Ermənistan adından aparırıq" gerçəyini ifadə etmək üçün uğursuz cəhd olub. Dekabrda özü Bakıya gələcək və sonra Azərbaycan rəsmiləri ABŞ-a gedəcək və bütün bunlar o demək olacaq ki, Azərbaycan Ermənistanın Vaşinqtondan diktə edilmiş şərtlərini qəbul etmədən də münasibətlər əvvəlki kimi ola bilir.

Yeri gəlmişkən, dövlət katibi Blinken də prezident Əliyevlə telefon söhbətində sülh müqaviləsi məsələsinə toxunub. Azərbaycan prezidenti Blinkenə deyib ki, sülh müqaviləsinin mətni ilə bağlı "Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb. Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. Yetmiş günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir".

Əslində ABŞ rəsmilərinin arxasında axıra qədər dura demarşının arxasında duran əsas səbəblər məlumdur: Çindən Britaniyaya qədər uzanıb gedəcək "Orta Dəhliz" layihəsinin reallaşmasına mümkün olduqca mane olmaq, əgər mane olmaq alınmasa, dəhlizə nəzarəti Ermənistan vasitəsilə özünün nəzarəti altına almaq. Buna nail olmaq üçün isə Amerikalı strateqlər bölgədə qarşıdurma yaradaraq Rusiyaya ikinci cəbhə açmaq və onu Ermənistandan vurub çıxarmağı düşünürlər. Qərb siyasi kuluarlarında yarımgizli və Qərb mediasında açıq-açıq bir dezinformasiya müzakirə olunur: guya tezliklə Azərbaycan Ermənistana hücum edəcək. Bu, Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sammitini boykot etməsi ilə paralel aparılan bir proses idi. Sanki Azərbaycan Ermənistana hücum edərək Zəngəzura qoşun çıxarır, Rusiya və KTMT Ermənistanı müdafiə etmək zorunda qalır. Lakin Azərbaycana qarşı hərbi müqavimətdən qaçınır. Bu zaman Ermənistan nümayişkaranə şəkildə dərhal KTMT-dən çıxır və Rusiya qoşunlarını ərazisindən qovur. Əvəzində ABŞ-a, Fransaya, Avropa İttifaqına müraciət edir. NATO-dan kömək gözləyə bilməz; Türkiyə veto qoyacaq. NATO Avropa İttifaqının müşahidə missiyası adı altında onsuz da ordadır və hazır mexanizmi var. Beləliklə, həmin Qərb dövlətləri dərhal hökumətin çağırışı ilə Ermənistanın "köməyinə gəlir", Ermənistanı Suriyadakı kimi öz aralarında sektorlara bölüb yerləşirlər (bölgü artıq var). Bu minvalla ABŞ da İran və Türkiyə sərhədlərinə yerləşir, Pekin-Britaniya marşurutu üzrə dəhliz bağlanır. Çinin, eləcə də, və İranın Avropaya çıxışı nəzarət altına alınır. Rusiyanın Türkiyə vasitəsilə Aralıq dənizinə, Yaxın Şərqə və Avropaya yolu bağlanır. Yox, əksinə, KTMT Ermənistanı müdafiə etmək üçün İrəvana hərbi dəstək versə, o zaman təkcə Azərbaycanla deyil, Türkiyə ilə də toqquşmuş olur. Eyni zzmanda KTMT-nin üç üzvü Mərkəzi Asiya dövləti, onlardan ikisi türk dövləti olduğu üçün Azərbaycan və Türkiyə Mərkəzi Asiya ilə üz-üzə gəlir, Türk Dövlətləri Təşkilatı çökür. Mərkəzi Asiya Rusiya və Çin qarşısında məcburən ABŞ-a və Qərbə sığınır. ABŞ və Avropa İttifaqı adı altında NATO Mərkəzi Asiyaya yerləşib Çinlə Rusiyanın arasını kəsir. Daha sonrası sonra.

Göründüyü kimi, ABŞ başda olmaqla bir sıra Qərb dövlətlərinin hər iki ssenarisində Azərbaycanı Ermənistanla müharibəyə çəkmək var. Azərbaycana hər iki ssenaridə açar dövlət kimi baxılır. Rəsmi Bakı bunu bilir, əvvəlcədən görür.

Prezident Əliyev məhz buna görə dəfələrlə deyir ki, Azərbaycana yeni müharibə lazım deyil, "biz istədiyimizə nail olmuşuq". Bu bəyanatlar yuxarıda bəhs etdiyimiz ssenariləri pozduğuna görə Ermənistan məlum Qərb dairələrinin diktəsi ilə sülh danışıqlarını uzadır, sülh müqaviləsinin bağlanmasını yubadır.

Yeri gəlmişkən, Antoni Blinken Azərbaycanla Ermınistan arasında delimitasiya komissiyasının noyabrın 30-a təyin olunmuş iclasını da müzakirə edib. Bunun dipçomatik dildən çevirməsi belədir: əgər Bakı İrəvanın əsas götürdüyü xəritələr üzrə (oxu: ABŞ-ın şərtləri ilə) danışıqlara razılaşmasa, Ermənistan tərəfdən sərhəd müharibəsinə rəvac verilə bilər. Başqa sözlə, dövlət katibi təzyiq üslubundan tam imtina olunmadığını da trivial olaraq xatırladıb. Ancaq Azərbaycan bu təzyiqlərə boyun əymək fikrində deyil; Vaşinqtonun, eləcə də, Parisin və Brüsselin pressinqi davam etdikcə, Azərbaycan hökuməti həmin Qərb dairələrinin ölkədəki siyasi, ictimai və media infrastrukturunu dağıtmaqda davam edəcək. Bu qədər açıq və net!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »