"Azərbaycanın qəti istəyi olsa, 15 gün ərzində Erməistanla sülh müqaviləsi imzalana bilər".
Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
“İstəsəniz, Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirsə, yaxın 15 gün ərzində sülh müqaviləsi imzalana bilər. Bütün fundamental məsələlərdə beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan razılaşma əldə olunub”, - deyə spiker Simonyan qeyd edib.
O, həmçinin bildirib ki, hazırda Ermənistan və Azərbaycan liderləri arasında görüş barədə razılıq yoxdur. Eyni zamanda, spikerin sözlərinə görə, Ermənistan istənilən belə təklifi müzakirə etməyə hazırdır.
Anklavlardan danışan Simonyan qeyd edib ki, nə Azərbaycan, nə də başqası Artsvaşenlə bağlı konkret bazarlıq etmir. O qeyd edib ki, bu məsələnin həlli tapılacaq.
“Konkret heç nə deyə bilmərəm, amma hüquqi əsas varsa, o zaman biz onların anklavlarını onlara qaytarmağa hazırıq və onlar bizim Artsvaşenimizi qaytarmalıdırlar”, - deyə Simonyan qeyd edib.
Lakin onun sözlərinə görə, bu, yekun qərar deyil. Alen Simonyan “sərhədin bu tərəfindəki hər şeyin burada qalacağını, o tərəfdəki hər şeyin orada qalacağını” istisna etməyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Azərbaycan İrəvanın təklif etdiyi prinsiplərə əsaslanan sülh müqaviləsini imzalamağa hazır olduğunu hələlik təsdiq etməyib.
Qadir, Bizimyol.info






