Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərbin Ermənistana "dəstəyi"nin pərdəarxası
Qərbin Ermənistana "dəstəyi"nin pərdəarxası

Xarici işlər naziri Ceyhun Bayramovun Almaniyalı həmkarı xanım Berboka cavabını bəyəndim.

Belə lazımdır.

Coğrafi adları erməni versiyasında söyləmək xırda görünə bilər. Ancaq Almaniyanın xarici işlər naziri, eləcə də, başqa dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri qəsdən Xankəndini "Stepanakert" adlandırmaqda davam edir. Dünənə qədər Rusiya da belə adlandırırdı.

Almaniya xarici işlər nazirinin Xankəndini "Stepanakert" adlandırması da, sadəcə, dil sürüşməsi, yaxud mexaniki səhv deyil; əgər belə demək mümkünsə, Azərbaycanın suverenliyinə siyasi təcavüz cəhdidir. Bu cəhdi Ceyhun Bayramov təmkinlə və tutarlı dəlillərlə dəf etdi.

İkinci bir naqis tendensiya da var və, təəssüf ki, Almaniya kimi dövlət də buna qoşulub. Həmin tendensiya da budur ki, ABŞ, Kanada, Fransa və başqa Qərb dövlətlərinin təmsilçiləri elə bəyanatlar verirlər, ya da ən azı elə eyhamlar vururlar ki, guya günü sabah Azərbaycan Ermənistana hücum edəcək.

Hətta ABŞ dövlət katibi Entoni Blinkenin adından da belə bir bəyanat "Politico" nəşrində yayıldı, sonradan təkzib olundu. Əgər bu, sonradan təkzib olunmaq üçün yayılmışdısa, deməli, məsələnin hardan qaynaqlandığı məlumdur.

Başa düşürük; Qərb dövlətləri Cənubi Qafqaza, bütövlükdə Qafqaza fəxri qapıdan deyil, xəlvəti arxa girişdən daxil olmaq istəyir. Bu üzdən Ermənistana reveransı reverans ardınca edirlər.

Böyük-böyük dövlətlərin yekə-yekə adamları dünyanın siyasi (həm də mənəvi) xəritəsində az qala mikroskopla görünən Ermənistana, təbiri caizsə, yarınırlar. Biri bunlara desin ki, bu davranış çox eybəcər görünür.

Eləcə də, eybəcər görünən başqa davranışları da var: 30 il Ermənistan Azərbaycanın 17 min kvadrat kilometrlik ərazisini işğal altında saxlayanda heç Qərb ona "işğalçı" demədi, ancaq Azərbaycan öz ərazisini işğalçıdan təmizləyib, ərazi bütövlüyünü və suverenliyini bərpa edərkən belə onu dolayısı ilə işğalçı kimi təqdim etməyə çalışırlar.

Bu eybəcər zehniyyətə görə, Ermənistan Qarabağda Azərbaycanlıları qətl edərək, zorla öz torpaqlarından qovanda etnik təmizləmə etməmişdi, ancaq öz şəhər və kəndlərindən könüllü olaraq və təhlükəsizlik şəraitində çıxan ermənilərə qarşı etnik təmizləmə var?!

Ermənistandan, Qarabağdan, Şərqi Zəngəzurdan 1 milyon Azərbaycan türkü, eləcə də, kürdlər və sair qovulanda Qərbin vecinə olmadı, ancaq Qarabağdan könüllü çıxmış bir ovuc erməninin dərdinə düşüblər.

Bunlara da Ceyhun Bayramov yaxşı şərh verdi.

...Düzü, təhsil naziri olanda Ceyhun Bayramovu tənqid etmişdim. Ancaq xarici işlər naziri kimi təqdir etdim. Ən azı son davranışına görə...

Bir şey də deyim: həmişə Rusiya və İrandan ədalətsizliklər gördük və buna xalq olaraq təpki verdik. Ancaq o "demokratik" Qərb də bizə ədalətsiz yanaşmada Rusiyadan və İrandan geri qalmırlar.

Əslində onları heç Ermənistan və ermənilər də maraqlandırmır; hamısının dərdi puldur. Dünya siyasəti nə beynəlxalq hüquq, nə ümumbəşəri dəyərlər üzərində deyil, "Əlahəzrət" pul üzərində bərqərardır. Həmişə belə idi, indi də belədir. Təzə bir şey demiş olmadım...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »