“Bizim zəfərimizi həzm edə, qəbul edə bilməyən ermənilərlə yanaşı, onların havadarları da var. Çünki onların istəyi, arzusu həyata keçmədi. Onların əsas məqsədi bir neçə rayonu verib, problemi və status-kvonu saxlayaraq, gələcəkdə özlərinin iqtisadi, siyasi və hərbi maraqları üçün istifadə etmək idi. Bu səbəbdən də cənab prezidentin apardığı siyasətə kölgə salmağa, dövlət başçısına və onun ailə üzvlərinə qarşı çirkin kampaniyalar aparmağa çalışırdılar”.
Bu barədə Bizimyol.info xəbər portalına, Milli Məclisin deputatı Arzu Nağıyev danışıb. Onun sözlərinə görə, bu proseslərin başında bir sıra dövlətlərin xüsusi xidmət orqanları və onların istifadə etdiyi sapı "özümüz"dən olan baltalardır.
Arzu NağıyevDeputat vurğulayıb ki, onlara informasiya ötürən, eyni zamanda, qələbəmizə kölgə salmağa çalışan, cəhd edən qaraguruh həddən artıq çoxdur. Buna paralel olaraq, BMT, Avropa Parlamenti və Avropa Şurası orada təmsil olunan ermənipərəst qüvvələr çalışırlar ki, havadar kimi Ermənistanın yanında olub, bu problemləri qabardaraq, dünya ictimaiyyətinə çatdırsınlar.
“İstər BMT-də, istər Avropa parlamentində ciddi cəhdlər göstərmələrinə baxmayaraq, heç bir qərar qəbul edilmədi. Çünki dünya bilir ki, Azərbaycanın kiminsə torpağında, suveren ərazilərində hər hansı bir iddiası olmayıb. Biz sadəcə olaraq, sentyabrın 19-20-də öz suverenliyimizi bərpa etmişik”-deyə deputat bildirib.
Arzu Nağıyev əlavə edib ki, Avropa bilir ki, Azərbaycan dövləti olaraq, biz dünyaya inteqrasiya olunmuş bir dövlətik. Dünyanın enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında iştirak edən və sülhün bərqərar olmasına çalışan dövlətik.
Deputat vurğulayıb ki, Azərbaycan artıq ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bunun qarşısını almağa çalışsalar da, alınmadı. Çünki bu qələbə şəhidlərin qanı bahasına başa gəlib.
“Bu mübarizə rəşadətli Azərbaycan ordusunun digər hərbi birləşmələrinin, məhz taktiki və strateji gedişlərindən əldə olunmuş qələbədir. Bu qələbə həm suda, həm quruda, havada döyüşə bilən bir Azərbaycan ordusunun qələbəsidir. Hamı bilməlidir ki, azadlığı hər şeydən üstün tutan və suverenliyini dəstəkləyən bir Azərbaycan xalqı var”-deyə Arzu Nağıyev əlavə edib.
Deputat qeyd edib ki, Zəfər bayramı Azərbaycan xalqının illərlə gözlədiyi bir bayramdır. Zəfər bayramı şərəf bayramıdır, şöhrət bayramıdır, namus-qeyrət bayramıdır. 30 il işğal altında saxlanılan torpaqlardan milyonlarla qaçqınlarımızın, köçkünlərimizin öz ana torpağına qayıtdığı və bu günü Qələbə günü kimi qeyd etdiyimiz bayramdır. Zəfər bayramı ali baş komandan İlham Əliyevin, şəhadəti şərəf sayan Azərbaycan anasının, eyni zamanda rəşadətli Azərbaycan ordusunun vəhdəti nəticəsində əldə edilən bayramdır. Zəfər bayramı bütün dünya Azərbaycanlılarının bayramıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizin yaraları tezliklə sağalsın və onların dinc həyata qayıtsınlar.
Deputat bildirib ki, Zəfər bayramı indi hətta bir il öncəkindən də daha möhtəşəm qeyd olunur. Çünki suverenliyimizi tam şəkildə bərpa etmişik. Azərbaycanın bütün məntəqələrində bayrağımız dalğalanır. Bu, böyük bir şərəf və eyni zamanda düşmənə bir mesajdır.
“Biz hər qarış torpağımız üçün canımızdan, qanımızdan keçməyə hazırıq. Dost bizimlə bərabər sevinir ki, Azərbaycan xalqı 100 illərlə edilə bilməyən, atıla bilməyən addımları atdı və öz müstəqilliyini, öz suverenliyini bərpa etdi”-deyə deputat əlavə edib.
Arzu Nağıyev deyir ki, 44 günlük müharibədən sonra müxtəlif vaxtlarda, məhz Azərbaycan ordusunun rəşadəti hesabına əldə olunan qələbələrimiz, Xankəndində heç bir sutka belə çəkməyən lokal antiterror tədbiri nəticəsində bayrağımız bir daha Xankəndində - vaxtilə separatçıların özünə qondarma paytaxt elan etdikləri və qondarma dövlət elan etdikləri ərazilərimizdə dalğalanır.
“Eşq olsun Azərbaycan xalqına, belə bir əziyyət və zəhmət nəticəsində bu bayramın tam səlahiyyətli qeyd edilməsi üçün layiq olan bir millət kimi dünyaya özünü göstərdi. Eşq olsun, ali baş komandana Azərbaycan xalqına bu günləri yaşatdı. Eşq olsun, rəşadətli Azərbaycan ordusuna ki, bu gün Azərbaycan xalqı özünün təhlükəsizliyinə hər cür təhdidin qarşısını ala biləcək silahlı qüvvələrə malikdir. Bir daha Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan xalqına daha böyük naliyyətlər arzulayıram. Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranı kimi sevinirəm ki, biz nəvələrimizin və gələcək nəsillərimizin gözünə dik baxırıq. Bu, Azərbaycan xalqının böyük qələbəsi kimi qeyd edilir”-deyə deputat öz hiss və düşüncələrini Bizimyol.info xəbər portalı ilə bölüşüb.
İradə Cəlil, Bizimyol.info






