Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişdi. Amma düşünülürdü ki, Azərbaycan bunu dəyişməyə cəsarət edə bilməz. Elə düşünürdülər ki, Azərbaycan Şuaşanı işğaldan azad edəcək və bu son hədd olacaq. Təbii ki, heç nə düşünlən kimi olmadı… Azərbaycan cəmi 23 saat ərzində ərazi bütövlüyünü bərpa etdi. Cəmi 23 saat… Heç bir gün də deyil…
Milli Məclisin deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kimin necə düşünməsindən asılı olmayaraq, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, işğal altında olan ərazilərini azad etdi. Münaqişənin həlli ilə bağlı məşğul olan beynəlxalq təşkilatların fəaliyyətsizliyi üzündən, 30 ildən artıq müddətdə danışıqlar vasitəsilə sülh yoluna üstünlük verildi. Lakin, ikili standartlar, xristian təəssübkeşliyi problemin həllinin uzadılmasına, status-kvonun saxlanılmasına xidmət edirdi. 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədalət bərpa olundu. Etiraf etməliyik ki, Ermənistanın kapitulyasiya aktını imzalamasına rəğmən, qələbəmiz tam deyildi və torpaqlarımızın müəyyən hissəsi separatçıların nəzarətində qalırdı. Zaman-zaman, addım-addım həyata keçirilən əməliyyatlar nəticəsində Qarabağ tamamilə azadlığına qovuşdu. Kulminasiya nöqtəsi isə, Xankəndində Ali Baş Komandan İlham Əliyevin bayrağımızı qaldırması oldu.
Nəsib Məhəməliyev“Biz bu əməliyyatları həyata keçirərkən, ancaq və ancaq hüquqa, ədalətə əsaslanmışıq və heç kimlə razılaşdırmamışıq. “Azərbaycan beynəlxalq birliyin razılığını almamışdır” kimi önəmsiz fikirlər Fransa prezidenti Makrona aiddir. Bu şəxs beynəlxalq birlik dedikdə, özünü və bir neçə "tərəfkeşlik" xəstəliyinə tutulmuş ölkələri nəzərdə tutur. Unudur ki, onlar beynəlxalq birliyi təmsil edə bilməzlər. Hətta onun liderliyə cəhd etdiyi Avropa İttifaqının doqquz ölkəsi ilə Azərbaycan strateji müttəfiqdir və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının aparıcı sədri, ölkəsidir”-deyə deputat qeyd edib.
Deputat deyir ki, əvvəlcə 44 günlük müharibədə və ondan sonra həm siyasi arenada, həm də diplomatik masada əldə etdiyi nailiyyətlərlə bütün mövcud streotipləri dağıtdı. Post-sovet məkanında ən mürəkkəb münaqişə ocağı hesab olunmasına baxmayaraq, yeganə ölkədir ki, təkbaşına problemi həll etdi. Təkcə Ermənistanı yox, dünya erməniliyini, onların lobbi təşkilatlarını, himayədarlarını məğlubiyyətə uğratdı. 150 ildən bəri formalaşdırılmış və dünya gücləri tərəfindən dəstəklənən miflər darmadağın oldu.
“Əfsuslar olsun ki, Fransa və bəzi Qərb ölkələri Ermənistanın məğlubiyyətilə barışmaq istəmir. Yenidən gərginlik ocağının saxlanmasında əllərindən gələni edir, sülh müqaviləsinin imzalanmasına əngəl törədirlər. Artıq qatar gedib. Zaman Azərbaycanın xeyrinə işləyir və biz daha da güclənirik. Hesab edirəm ki, həmin qüvvələrin isterik davranışlarının faydası olmayacaqdır”-deyə deputat əlavə edib.
İradə Cəlil, Bizimyol.info






