"Şəhid həkimlər" filminin təqdimatından qısa qeydlər
Məclisin aparıcısı, telejurnalist Cəmilə Hətəmxanova açılış nitqinə bu sətirlərin müəllifinin kitabındakı bir cümlə ilə başladı. Cümlə belədir: "Aldığımız hər nəfəs şəhidlərimizin verdiyi son nəfəsdir".
Məclisdə şəhidlərimizi dünyaya gətirmiş, nəfəs vermiş xeyli analar-atalar vardı. "Şəhid həkimlər" filminin təqdimatına toplaşmışdıq. Filmi "Balans Media" çəkib. Ekran işi 44 günlük Vətən müharibəsində həlak olmuş hərbi həkimlərdən dördünə həsr olunub; tibb bacısı Arəstə Baxışova, tibb xidməti leytenantı Turqut Xəlilbəyli, tibb baş leytenantı Şöhrət Qasımov və gizir həkim Eldar Abdullayevin həyat və döyüş hekayələri xatirələrdə canlandırıldı. Ümumilikdə, 42 hərbi həkim şəhid olub.Filmdə maraqlı obrazlar da Şəhidin az yaşlı qızı atasının məzarını ziyarətə gəlib; qəbrin üstündəki güllərlə oynayır. O, atasının hara getdiyindən, özünün hara gətirildiyindən xəbərsizdir; heç nə anlamır. Azyaşlı uşağın güllərlə oynaması maraqlı simvolik məna daşıyır. Bəli, şəhid ata öz cavan və əziz canını ortaya qoyub; sinəsini güllələrin qabağına verib ki, uşaqlar güllərlə oynasın. Eləcə də, şəhid ana Arəstə Baxışova. Şəhidlərin ataları, anaları, yaxınları onların haqqında, bəli, kədərlə, göz yaşı içində danışır. Ancaq daha çox qürurla...

"Şəhid həkimlər" filmi çox nəcib təşəbbüsdür. Müəlliflərin dediyindən bəlli oldu ki, bu, şəhid həkimlərimiz haqda silsilə yaradıcı iş olacaq. Doğrusu, burada təkcə yüksək peşəkarlıq standartları, yaradıcılıq şövqü, sənət enerjisi bəs etmir, ən önəmli resurs Vətən sevgisidir. Şəhidlər, qazilər, ümumiyyətlə, döyüşçülər milləti, torpağı necə sevirsə, bu filmi, bu cür filmləri çəkən yaradıcı heyət də elə bir qeyrətlə, sevgi ilə bu ekran işini ərsəyə gətirir.
Təqdimatda şəhid analarından biri maraqlı bir söz dedi: "Biz heç kimdən heç nə ummuruq. İstəyimiz bircə odur ki, bizim qapımızı döyən olsun, çayımızı içən, şəhidin otağını ziyarət edən olsun".

Bu sözləri eşidəndə beynimdən bir fikir keçdi: bütün Qarabağ savaşlarında şəhid olmuş minlərlə, hətta on minlərlə əsgər və zabitlərimizin evlərində elə o sayda... muzey var. Hər şəhidin böyüdüyü, yaşadığı evi, ocağı, o ocaqdakı otağın hər biri bir Şəhidlər muzeyidir. Ancaq bunları birləşdirmək də olar; hər şəhidə aid əşyalar, ya fotolar, kitablar, əlyazma məktubları və... onların haqqında çəkilmiş filmin diskləri, başqa çox eksponatı toplayıb dövlət səviyyəsində ayrıca Şəhidlər Muzeyi yaratmaq olar. Həmin muzeydə bu gün təqdimatına toplaşdığımız "Şəhid həkimlər" filmi də mütləq olacaq...
Bahəddin Həzi, Bizimyol.info






