Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"44 günlük müharibədə qələbə üçün 21-ci əsrin ordusunu yaradacaq vizyon lazım idi və vardı"
"44 günlük müharibədə qələbə üçün 21-ci əsrin ordusunu yaradacaq vizyon lazım idi və vardı"

"44 günlük müharibə və 44 günlük müharibədə qazandığımız qələbə, ondan sonrakı mərhələdə 23 saatlıq lokal antiterror tədbiri və bu tədbirlərin sahədəki nəticələrinin əsas 4 komponenti var. Onlardan birinci komponenti Otto fon Bismarkın dediyi kimi “sərkərdələr xalqların taleyidir”. Birinci məsələ sərkərdəlik məsələsi oldu. Xüsusən də ali baş komandanın, cənab prezident İlham Əliyevin bu ordunu 21-ci əsrin ordusunu yaratma vizyonu, sonrakı mərhələdə 44-günlük müharibənin planlarının hazırlanması və nəticə etibarı ilə əməliyyatların idarə olunması ali baş komandanın uzaqgörən siyasətinin nəticəsi idi. Sərkərdəlik məharəti ilə ali baş komandan kimi 21-ci əsrin ordusunu yaratmaq üçün bir vizyon lazım idi".

Bu barədə Bizimyol.info xəbər portalına hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev danışıb.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Ordunun əsas iki komponenti olur. Birincisi ordunun şəxsi heyətinin mənəvi psixoloji vəziyyəti, ikincisi də şəxsi kollektivin istifadəsində olan hərbi texniki parkdır. Son 10 il müddətində biz gördük ki, orduya ayrılan maliyyə vəsaitləri ilbəil artırılırdı. Maliyyə vəsaitlərinin artırılması Azərbaycan silahlı qüvvələrinin silahlanmasında yeni nəsil texnologiyalarla dəstəklənən pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri, artilleriya vasitələri və roket sistemləri ilə özünü biruzə edirdi”-deyən ekspert hesab edir ki, ali baş komandanın vizyonu üzərinə maliyyə vəsaitləri bu həcmdə ayrılmasaydı, belə ordu yaratmaq mümkün olmazdı.

Ekspert bildirib ki, ikinci bir məsələ ordunun içərisində də xüsusi təyinatlıların və bu özəl qüvvələrin hazırlığının xüsusi diqqətdə saxlanılması idi.

“Xüsusi təyinatlılarımız dünyanın xüsusi təyinatlı hərbi məktəblərində, təlim mərkəzlərində məşqlər və təlimlər keçmişdi. Çox böyük döyüş hazırlığına malik xüsusi təyinatlılar Ali baş komandanın tabeçiliyində idi. Orduya ayrılan maliyyə vəsaitləri, ordunun silahlı qüvvələrinin döyüş hazırlığının nəzarətdə saxlanılması nəticəsində silahlı qüvvələr 27 sentyabr 2020-ci ildə döyüş əmrinin yerinə yetirilməsi üzərinə hazırlıqlı idilər. Təkcə bizim müdafiə nazirliyinin strukturları deyil, digər qurumların və güc strukturlarının da xüsusi təyinatlıları və qurumları 44 günlük müharibəyə ən yüksək səviyyədə hazırlıqlı vəziyyətdə idilər”-deyən ekspert vurğulayıb ki,

biz qələbəmizin birinci komponentini ali baş komandanın strateji vizyonuna bağlamalıyıq.

Elxan Şıxəliyev bildirib ki, burada ikinci məsələ, xalqın müharibəyə hazırlığı idi. Çünki 30 il müddətində hər kəs bu müharibənin nə zaman başlanacağını sorğulayırdı. Və müharibə başlayan zaman xalq dövlətin yanında oldu. Belə müharibələrdə çox nadir hallarda xalqın dövləti dəstəkləməsi müşahidə edilir ki, biz bunu 44 günlük müharibə zamanı gördük.

Hərbi ekspert qeyd edib ki, üçüncü məsələ silahlı qüvvələrin döyüş hazırlığı və döyüşə hazır olması idi ki, onlar da verilən döyüş tapşırıqlarını artıqlaması ilə yerinə yetirmiş oldular Dördüncü komponent isə, Azərbaycana dost olan ölkələrin, Azərbaycana haqq müharibəsində verdikləri siyasi və mənəvi dəstək idi. Buna görə də, Ermənistan 30 il müddətində nə əkdisə, qarşılığını da almış oldu.

“2019-cu ildə Ermənistanın müdafiə naziri Amerika Birləşmiş Ştatlarında ianə toplama tədbirində demişdi ki, “Azərbaycan müharibəyə başlasın, biz yeni ərazilər nəzarətə keçirəcəyik. Ermənistanın keçmiş müdafiə naziri, sonra prezident olan Sarkisyan da deyirdi ki, “biz Qarabağ da daxil olmaqla Azərbaycanın 7 rayonunu işğal etdik. Növbəti mərhələdə isə, gənclərə Naxçıvanı və Türkiyənin Ərzurum bölgəsini nəzarətə götürməyi tövsiyyə edirdi. O dövrdə strateji məqsəd bu idi. Noyabrın 8 və 9-da miatsium - "Böyük Ermənistan" planı sıfırlanmış oldu”-deyən Şıxəliyev vurğulayıb ki, Azərbaycan buna ali baş komandanın siyasi iradəsinin və dəmir yumruğun hədəf nöqtəsinə enməsi nəticəsində nail oldu.

Ekspert, birinci Qarabağ müharibəsində ermənilərin törətdikləri vəhşiliklərdən, ağıla belə gəlməyən, insanlığa qarşı cinayətlərdən də danışıb.

“Xocalı faciəsi, Quşçular, Malıbəyli, Edilli, Quşçular… O dövrdə bizim hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı edilən cinayətlər, soyqırımlar, müharibə qanunun çeynənilməsi, beynəlxalq hüquqa zidd davranışlarla bağlı faktlar da var. Əraizlərimizi dağıtdılar, binaları və tikililəri məhv etdilər. İşğal edilmiş rayonlarımızda maddi-mənəvi miraslarımızı sildilər”-deyə ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.

Son xəbərlər
Bütün xəbərlər »