Azərbaycan xalqının tarixinə xüsusi yer tutan 44 günlük Vətən müharibəsindən üç il keçdi. Otuz il işğal altında olan Azərbaycan torpaqları qan bahasına işğaldan azad edildi. Hələ müharibənin ilk günlərində Azərbaycan Prezidenti xalqa müraciət edərək qeyd etmişdi ki, Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. O, qeyd edirdi ki, “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır. Biz ədalətli yoldayıq. Bizim səbəbimiz ədalətlidir. Biz qalib gələcəyik! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!””
“Qarabağ Azərbaycandır” şüarı sonradan hər bir azərbaycanlının şüarına çevrildi… Müharibə 44 gün davam etdi və Azərbaycanın qələbəsi ilə başa çatdı. Sonradan 10 noyabr 3 tərəfli bəyannamə imzalandı. Və Azərbaycan prezidenti müharibənin hər günü Azərbaycan xalqına müraciət etdi, işğaldan azad edilən kəndlərin adını bir-bir çəkərək, xalqı sevindirirdi. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün dünyaya mesaj idi.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsində 44 gün ərzində Ermənistan üzərində hərbi, siyasi və psixoloji qələbə qazandı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bundan sonra hərbi qələbəni beynəlxalq müstəvidə diplomatik qələbəyə çevirmək istiqamətində Azərbaycan prezidenti tərəfindən uğurlu siyasi strateji addımlar atıldı. 2023-cü ilin 19 sentyabrda Azərbaycan ordusu 24 saata Qarabağda müvəqqəti yerləşdirilən rus sülməramlılarının məsuliyyət zonasında qanunsuz silahlı erməni birləşmələrinə qarşı lokal antiterror tədbirləri həyata keçirdi. Bunun nəticəsində Xankəndi və onun ətrafında olan ərazilər 3 ildən sonra işğaldan azad edildi və Azərbaycan öz suverenliyini bərpa etdi.
Məhəmməd ƏsədullazadəPolitoloq Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu, Azərbaycan Konstitusiya quruluşunun tətbiqi və son 200 ildə Azərbaycanın öz ərazilərinin şimal hissəsini işğaldan azad etməsinin təntənəli nəticəsi idi. Bu, 1991-ci ildə Azərbaycan Respublikasının SSRİ-dən ayrıldıqdan sonra, öz suverenliyini tamamilə bərpa etməsinin əlamətdar günü idi.
“Artıq 44 günlük müharibə və onun nəticələri regionda geosiyasi nizamı köklü şəkildə dəyişdi. Azərbaycan Xəzər regionunun aparıcı ölkəsi statusunu aldı. Demək olar ki, Azərbaycan məhz bu uğurlara görə, Ermənistan işğalına son qoyduqdan sonra, bu, artıq Zəngəzur dəhlizinin açılması, orta dəhlizin inkişafı və qərblə şərqi birləşdirən nəqliyyat qovşağının mərkəzində yerləşdirməklə regionda bir təhlükəsiz adası formalaşdırdı. Bu, Azərbaycanın tarixi naliyyəti idi”-deyən politoloq vurğulayıb ki, Ermənistan məhz 30 il ərzində Azərbaycana qarşı törətdiyi hərbi cinayətlər, soyqırım, etnik təmizləmə, ekoloji terror və bu kimi məsələlərə görə beynəlxalq hüquq və Azərbaycan qarşısında cavab verməli, həmçinin təzminat ödəməlidir.
Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistanın 30 il ərzində vurduğu bu zərərə qarşı beynəlxalq məhkəmədə də məsələlər qaldıracaq. Artıq beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərinə şahiddir. Azərbaycan həqiqətləri və müharibə cinayətlərinin artıq dünya ictimai həyatına çatdırılması istiqamətində çox ciddi addımlar atır.
“Biz hərbi qələbəmizi siyasi diplomatik qələbəyə də çevirə bildik. Bu isə, prezident İlham Əliyevin apardığı düzgün xarici siyasətin məntiqi nəticəsi idi”-deyə Məhəmməd Əsədullazadə əlavə edib.
P.S. Qeyd edək ki, biz qələbəni xalqın, dövlətin və ordunun birliyi sayəsində əldə etdik. Bu müharibədə etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün Azərbaycan vətəndaşları böyük həmrəylik göstərdilər və sözün əsl mənasında, “dəmir yumruq” kimi birləşdilər. Azərbaycan ordusu Ermənistan ordusunu darmadağın edərək, məğlubiyyətə uğratdı. Bu 44 günün hər bir günü Azərbaycan üçün önəmli idi. Azərbaycan bu müharibədə qazandığı qələbə ilə səsini dünyaya ucaltdı. Təəssüflər olsun ki, düşmən məğlubiyyətdən nəticə almamışdı. Yollara minalar döşənir, Qarabağdan separatçı rejim çıxmaq istəmirdi. Və son olaraq, sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi 23 saat 43 dəqiqəlik lokal antiterror tədbiri nəticəsində Qarabağ separatçılardan tam azad edildi.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı AgentliyiMəqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.






