Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın təhlükəsizliyinə... Azərbaycan qarantiyası
Ermənistanın təhlükəsizliyinə... Azərbaycan qarantiyası

Fransanın Qafqaz avantürası: "perspektiv" müharibənin retrospektiv sponsoru

Avropanın başına çox bəlalar gəlib. Təkcə ötən yüzildə - yarım əsr ərzində iki dünya müharibəsi Avropadan, Avropanın qeyri-adekvat siyasətçilərindən qaynaqlanıb.

Avropanın da içində Fransanın başına az iş gəlməyib. Müharibələr, üsyanlar, qanlı inqilablar... Fransa özü də çox məzlumların başına bəlalar açıb; işğallar, qarətlər, soyqırımlar.

Kontrasta baxın: Dünya mədəniyyətinə çox böyük dəyərlər qatmış Fransa ən qandonduran vəhşiliklərə də imza atıb. Ancaq Fransanın özünün başına gələn, başqalarının da başına açmaq istədiyi ən ağır bəla Emmanuel Makrondur. Bu şəxs prezident kürsüsünə yiyələnəndən bəri Fransanın uğursuzluqları bir-birini əvəz edir. İstər ölkənin daxili siyasətində, istərsə də xarici siyasətində rüsvayçı səhvlər, Fransanın və fransız xalqının özünü aşağılayan biabırçı qərarlar ölkəni çətin vəziyyətə salıb.

Elə təkcə onu göstərək ki, Makron Fransası zaman-zaman kütləvi iğtişaşlarla silkələnir, qanlı toqquşmalarla sarsılır. Makronun yanlış siyasəti - terrora verdiyi dəstəyin özü bumeranq effekti yaradır. Əsrlərlə sürdürdüyü imperialist səltənətin rəzil nəticələri unudulmayıb. Bu lənət Parisi rahat buraxmır.

Dünyanı müxtəlif bucaqlarında körüklədiyi müharibə alovları qayıdıb özünü də qovurur. Ancaq yenidən və yeni neokolonialist yanaşmalarla Fransa özünü daha da aşağılayır.

Lap bu yaxınlarda Fransanın Afrikadan rüsvayçı qovulmasını misal gətirmək olar. Fransa özü də ən azı faşist Almaniyasının işğalından, talandan, qarətdən, qətliamdan əziyyət çəkib. Amma bunun qat-qat çoxunu başqa xalqlara yaşadır.

Ötən əsrin ortalarında müharibədən, terrordan ağır nəsibini almış Fransa özü başqa xalqların başına savaş açır. İndi də bu əməllərini Cənubi Qafqazda davam etdirməyə çalışır. Ermənistana bir neçə yüz milyon dollarlıq silah satır.

"Satır" deyirik də. Bu qədər pulu Ermənistan hardan alıb Fransaya ödəyəcək?! 30 illik dağıntılara görə Azərbaycana təzminat ödəməli olan Ermənistan bu silahın pulunu hardan tapacaq?!

Hələ 44 günlük müharibədən qabaq öz hərbi müttəfiqinə -Belorusa aldığı "Polonez" Reaktiv Yaylım Atəş Sistemlərinin pulunu ödəyə bilməyən Ermənistan Fransaya pulu kimdən dilənəcək?!

Politoloq Tofiq Zülfüqarov doğru deyib: "Ermənistanın belə çox pulu varsa, Azərbaycana təzminat ödəsin".

Bir də bu silahları hansı ehtiyacdan alır?! Yeni bir müharibə üçün?! Kimə qarşı?! Azərbaycana və/və ya Türkiyəyə qarşı?! Zamanında Rusiyadan aldığı milyardlarla dollarlıq silah Ermənistanı qorudumu ki, Fransanın bir neçə yüz milyonluq silahı da qorusun?!

Həm də axı Fransa necə bir NATO ölkəsidir ki, öz hərbi müttəfiqinə qarşı müharibəyə sponsorluq edir?!

Makron öz ölkəsinin pensiyaçısının boğazından kəsib Ermənistanın silahlandırılmasına xərcləyir. Belə avantürist dövlət başçısını hətta bəlkə heç Fransa özü də görməmişdi. Ermənistanı apriori uduzacağı müharibəyə sürükləmək Fransaya nə qazandıracaq?! Yeni bir silah bazarımı?! Dövlət olmaq üçün resursu olmayan Ermənistandan heç Ermənistanın özü xeyir görməyibsə, Fransaya nə fayda verəcək, ABŞ-a nə verəcək?! Ermənistan bu adlarını çəkdiyim dövlətlərdən nə güc alacaq?! Heç nə! İran onillərlə HƏMAS-ı maliyyələşdirdi, İsrailin qarşısında qoruya bilirmi?! Xeyr!

Nəticəsi Ermənistanın kapitulyasiyası ilə bitən 44 günlük Vətən müharibəsini Azərbaycan nə vaxt edib?! Xankəndiyə Azərbaycan bayrağının asılması ilə sona çatan antiterror əməliyyatını nə vaxt edib?! İstər ABŞ-da Cozef Bayden kimi "erməni aşiqi"nin, istər Fransada Makron kimi səbatsız birinin hakimiyyətdə olduğu dövrdə. Eləcə də, Hindistanda Narendra Modinin, Kanadada Castin Trüdonun... dövründə olub bunlar. Kim gəlib Ermənistanın əvəzindən vuruşdu?! Onu biabırçı məğlubiyyətdən kim xilas etdi?! Heç kim!

Ermənistan rəhbərliyi anlamır ki, indi guya Qəzzaya "köməyə tələsən" Makron zamanında İŞİD-ə qarşı yaradılmış beynəlxalq antiterror koalisiyasını HƏMAS-a qarşı yönləndirməyə çalışmışdı. İndi də bir yandan başına bomba yağdırılan Qəzza uşaqları üçün "timsah göz yaşları" axıdır, o biri yandan İsrailə gedib baş nazir Netanyahuya: "Sizinlə çiyin-çiyinəyik" deyir. Necə ola bilir ki, Fransa eyni vaxtda eyni statusda hər iki tərəfin yanında durur?!

Livanı İranla birlikdə "icarəyə götürüb" orda terror yuvası qurulmağına göz yuman Fransa indi terrora qarşı oldu?!

Beşikdəki uşağa da məlumdur ki, Fransa da, elə başqaları da nəinki Yaxın Şərqdə, heç Orta Şərqdə də, Şərqi Avropada da müharibənin bitməsini istəmirlər. İmkan düşsə, Uzaq Şərqi də müharibə meydanına çevirərlər. Həmin Cozef Bayden özü də bölgədə müharibənin bitməsinə qarşı olduğunu bəyan etmişdi. Həmin Vaşinqton bir neçə il əvvəl Qətəri də terroru maliyyələşdirməkdə ittiham etdi. Dohaya qarşı sanksiyalar qoyurdu. Qətər əmiri Amerikadan 12 hərbi təyyarə sifariş edən kimi terror da yaddan çıxdı, sanksiya da. Yaxud Qəddafinin əlini öpən Fransa Liviya liderinin ayağı büdrəyəndə onun başına hamıdan qabaq bomba yağdırdı. Unudulubmu?! Bu gün İrəvanın başını sığallayan Fransa Qafqaza ayaq açandan sonra öz marağı tələb edəndə "sığalladığı" başı hamıdan bərk əzəcək. Belə bir prinsipsiz, qəddar zehniyyət Cənubi Qafqaza nə xeyir gətirəcək?! Otuz il riyakar "vasitəçilik" oyunları ilə bölgəyə sülh gətirməyən Fransa indi nə məqsədlə müharibə gətirməyə çalışır?! Bəs dünənə qədər Minsk Qrupunu bərpa etməyə çalışırdı! Həmin keçmiş Minsk Qrupunun, o cümlədən, Fransanın 30 ilə əldə etmədiyi nəticəni Azərbaycan özü 3 ilə əldə etdi. Həmin Ermənistanı 17 kvadmetr metr torpağı qaytarmağa razı sala bilməmiş Fransadan, eləcə də, ABŞ-dan, Rusiyadan fərqli olaraq, Azərbaycan 17 min kvadrat kilometri ərazisini Ermənistan işğalından özü üst-üstə cəmi 45 günə təmizlədi.

Əgər Ermənistan zəif, kiçik ölkə olaraq öz təhlükəsizliyinə qarant axtarırsa, bu, elə... Azərbaycan özü ola bilər. Yaxud bir NATO üzvü dövlətə sığınmaq istəyirsə, qonşuluğunda Türkiyə var. Bunun analogiyalarını da xatırladım: Haiti, Mavriki, Kosta-Rika, İslandiya, Andorra... kimi ölkələrin heç ordusu yoxdur. Onların hər biri qonşuluqda daha güclü ordusu olan dövlətdən təhlükəsizliyinə təminat alıb. Eyni təminatı ya Azərbaycan, ya Türkiyə, yaxud hər ikisi Ermənistana verə bilər.

"Uzaq qohumdan yaxın qonşu yaxşıdır" məsəli burda lap yerinə düşür. Hərçənd Fransa ilə Ermənistan qohum da deyillər; ən ağır sınaq anında - döyüş meydanında Fransa Ermənistanı yalnız buraxdı.

"Total Energies" şirkətinə "Abşeron" yatağı üzrə verilən kontrakta Ermənistan adlı dövləti satan zehniyyətdən söhbət gedir.

Doğrudanmı, Ermənistanda bu reallığı görə bilən bircə nəfər siyasətçi yoxdur?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »