“Bu günlərdə Azərbaycanda keçirilən insan hüquqlarının pozulması və ədalətsizlik haqqında beynəlxalq konfransda səsləndirilən fikirlər, əsarətə düçar olan insanların söylədikləri faktları bir daha göstərir ki, Fransanın bu əməlləri uzun sürə bilməz və artıq təcavüzkara qarşı xalqların üsyanı başlamaqdadır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Fransanın bəşəriyətə qarşı məkrli mövqeyinə daim öz kəskin etirazını bildirib. Prezident Azərbaycana qarşı münasibətdə Fransanın səhv, təcavüzkar rolunda çıxış etdiyini qeyd edib. Dövlət başçısı konfrans iştirakçılarına müraciətində də bu çirkin siyasətə öz kəskin etirazını bildirərək, qeyd edib ki, “qanlı cinayətlərlə zəngin kolonyalizm tarixinə görə, utanmalı olan Fransa törətdiyi vəhşiliklərə görə üzr istəmək əvəzinə digər ölkələrdə etnik təmizlənmədən danışır”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. O, qeyd edib ki, bu ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir. Müxtəlif regionlarda geo-siyasi intriqalarla məşğul olur.
Tahir Rzayev“Bu, bir həqiqətdir: bu gün Fransa Ermənistandan, erməni xalqından daha çox ermənilərin qeydinə qalan rolunda özünü göstərməkdədir. Dövlət rəhbəri başda olmaqla, Fransanın hakimiyyət dairələri Qarabağ torpaqlarının işğaldan azad olunmasında, buradan könüllü köçən ermənilərin taleyinə yeni don geydirməklə, bunu bir soyqırım, bir təzyiq, bir təsir vasitəsi kimi qələmə verirlər. Guya bu hadisələr zamanı ermənilər qətlə yetirilib, öldürülüb, onlara qarşı təsirlər olub və etnik təmizləmə aparılıb. Lakin bunun heç bir əsası yoxdur və BMT missiyasının hesabatlarında, eləcə də Qarabağa gələn, hadisələrlə yaxından tanış olan insanların çıxışlarında, fikirlərində bu öz əksini tapır.
Bu gün Fransa nəinki Azərbaycana qarşı münasibətdə çirkin məqsədini yürüdür, eləcə də o İsrail-Fələstin arasında sülhün bağlanmasına bir vasitəçilik etmək əvəzinə, müharibənin davam etdirilməsinə, İsrailə silah verilməsinə tərəfdar olduğunu ortaya qoyur”-deyə deputat əlavə edib. Onun sözlərinə görə, bu da bəşəriyyət üçün çox ziyanlı gedişlərdir. Çünki bu gün Afrikadan işğal etdiyi bir çox ölkələrdən əli üzülən Makron hakimiyyəti Cənubi Qafqazda möhkəmlənmək və Ermənistanın əli ilə burada yeni münaqişələr törətmək niyyətindədir.
Tahir Rzayev hesab edir ki, bu addım da nəticə verməyəcək. Çünki Azərbaycan güclü orduya və mübariz xalqa malikdir. Azərbaycan rəhbəri öz sözündə, öz əməlində qətiyətlidir və mübarizdir. Dövlət başçısı beynəlxalq normalara əsaslanır və beynəlxalq aləmdə öz sözünü deməyi bacarır.
“Bizim tarixi qələbələrimiz və əldə etdiyimiz bütün uğurlar, məhz ölkə rəhbərliyinin xalqla birliyi, ordumuzun qüdrəti, eləcə də beynəlxalq aləmdə qazandığımız nüfuz, hörmət və o bəşəri ideyalara söykənməyimiz nəticəsində mümkün olub. Bundan sonra da davam etdiriləcək.
Ermənistan bir oyuncaq dövləti kimi öz taleyini düşünməli, təcavüzkarlığa vəqəddarlığa son qoymalıdır. Erməni xalqı Fransa kimi dövlətlərin yağlı dilinə və saxta vədlərinə inanmamalıdır. Çünki Fransa heç bir zaman oyuncaq etdiyi dövlətlərin arxasında dayanmayıb, çətin günlərdə onları müdafiə etməyib və bundan sonra da etməyəcək”-deyə deputat vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






