Bir müddət əvvəl ABŞ səfiri Daniel Roseblum Qazaxıstanda NATO-nun Sülhməramlı Əməliyyatlar Mərkəzini açıb. Qeyd edək ki, burada Qazaxıstan Respublikasının hərbçiləri üçün NATO standartlarına uyğun təlim keçiriləcək. Görünən odur ki, ABŞ Rusiyanın zəif nöqtələrindən vurmağa çalışır. Əvəvlcə Ukrayna müharibəsi, indi Qazaxıstanda mərkəz...
Bu proseslər Rusiyaya nə kimi təsir edə bilər?
Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanı zəiflətmək üçün onun zəif nöqtələrinə müdaxilə etməyə çalışılır.
Turab Rzayev qeyd edir ki, Ukrayna, Qaradəniz bölgəsi, Qafqaz, mərkəzi Asiya və Uzaq Şərq Rusiyanın zəif yeridir. Yəni istər Rusiya imperiyası parçalandığı zaman, istərsə Sovet ittifaqı dağıldığı zaman parçalanma bu ərazilərdə olub. Bu səbəbdən də Rusiyanı dağıtmaq üçün bu bölgələrə diqqətin xüsusi olması normaldır.
Turab Rzayev“Son dövrlərdə Asiya ölkələrinin Rusiyaya qarşı tək-tək müqavimətini artırmaq üçün Qərb tərəfdən sanki onları birləşdirməyə çalışırlar. Bu formatda görüşlər də keçirilir. ABŞ “5+” formatda görüşlər keçirir, Avropa İttifaqı bu ölkələrlə “5+” formatda görüşür. Bölgədə varlıqlarını gücləndirməyə çalışırlar”-deyən Turab Rzayevin fikrincə, Rusiya ilə ABŞ arasında olan soyuq müharinə artıq bəzi istiqamətlərdə isti müharibəyə çevrilib.
Politoloqun fikrincə, artıq Ukraynada açıq döyüşlər gedir. Yaxın Şərqdə Fələstin, “Həmas”-İsrail arasında açıq döyüş gedir.
“Böyük ehtimalla bu ox üzrə Qərb və Şərq arasında mərkəzi Asiyada da, Qafqazda da Qərbin aktivliyi artacaq. ABŞ-ın aktivliyinin artması sirr deyil. Türkiyənin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının yaranması indiki dönəmdə çox əhəmiyyətlidir. Çünki bu dövlətlər birlikdə blok şəklində özlərini xarici müdaxilələrə qarşı qoruya bilərlər”-deyən politoloq hesab edir ki, Türkiyə bütün Türk dövlətləri ilə bu qarşılıqlı yüksək səviyyədə qura bilməyib. Hələ ki, Azərbaycan-Türkiyə tandemi şəklində bu münasibət güclü şəkildə qurulub.
“Özbəkistan, Qazaxıstan və Qırğızıstanla qarşılıqlı hərbi yardımlaşmalar var. Türkiyə bunu gücləndirməyə çalışır”-deyə politoloq əlavə edib.
Politoloqun fikrincə, Qərb mərkəzi Asiyada kifayət qədər güclü deyil. Türkiyə mərkəzi Asiyada yetərli qədər möhkəmlənə bilməsə də, qısa müddətdə xüsusilə Qazaxıstanda möhkəmlənməyə çalışacaq.
Turab Rzayev qeyd edib ki, Türkiyə bu ölkələri Türk Dövlətləri Birliyində bir vahid ittifaqa toplaya bilsə, bu ittifaqın Rusiyanın və yaxud Qərbin tərəfində olacağı sual altındadır. Hələ ki, Türkiyə gözləmə mövqeyindədir.
İradə Cəlil, Bizimyol.info






