"Azərbaycan yaxın vaxtlarda öz torpaqlarını işğaldan azad edə bilməyəcək" deyənlər bəlkə də çox peşman olub. Bəlkəsiz. Çünki bu, konkret olaraq ölkə başçısına yönəlmiş bir söz olsa da, siyasi maraqdan doğsa da, o proqnozu verənlərin öz reputasiyasına zərbə oldu.
Hazırkı Prezidentin əvvəlki, indiki - əslində həmişəki, bəlkə də həmişəlik siyasi rəqibləri bu fikri tez-tez işlədirdilər. Təbii ki, 2020-ci ilə qədər. Ancaq indi - 2023-cü ilin oktyabrında bunu demək heç mümkün deyil. 1923-cü il iyulun 7-də Azərbaycanın tərkibində əhalisinin çoxu etnik ermənilər olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. 100 il sonra artıq nə Dağlıq Qarabağ Muxtar Vilayəti var, nə "Dağlıq Qarabağ" deyə siyasi-coğrafi ifadə var. Heç orda erməni əhali də, demək olar, qalmayıb. Çünki Azərbaycan öz ərazisi üzərində suverenliyini bərpa edib.
Hərçənd indi başqa bir tənqid tezisi ortadadır: bu, necə suverenlikdir ki, Azərbaycanda Rusiyanın qoşunu var?! Hətta "sülhməramlı" adlandırılsa belə.
Sanki tutarlı, əsaslı tənqiddir. Ancaq ərazisində başqa dövlətin qoşunu olan təkcə Azərbaycan deyil; elə Cənubi Qafqazın hər üç respublikasında rus qoşunu var; kimində zorla, kimində xoşla. Kimində də yarızor-yarıxoş. Təbii ki, Rusiya əsgərinin Azərbaycanda qalması xoş ola bilməz. Hansı dövlət, hansı prezident öz ölkəsində yad qoşun istəyər?! Heç kim. Biz də haqlı olaraq istəmirik. Mən də Rusiya qoşun hissələrinin Azərbaycandan tezliklə çıxıb getməsini ən çox arzulayan adamlardanam. Ancaq belə qarışıq situasiya ilə üzbəüz qalmışıq. Əvvəla, Ermənistan 10 noyabr bəyanatından çıxdığını bəyan etsə də, Azərbaycan və Rusiya bu sənəddə qalır. Ancaq bu sənədə sona qədər sadiq qalan tək ölkə Azərbaycan oldu. Nə Rusiya, nə Ermənistan üzərinə götürdükləri öhdəliyə əməl etmədilər. Azərbaycan özünün də, onların da öhdəliyini təkbaşına və öz gücünə yerinə yetirib. Xankəndində Azərbaycan bayrağı asıldı. Təbii, xroniki tənqidçiləri bu da qane etmədi: "Rus qoşunları Qarabağdan çıxsın" deyirlər. Düz də deyirlər. Bu, əslində Azərbaycan dövlətinə də sərfəli çağırışlardır. Ancaq məsələnin ikinci tərəfi də var: Rusiya qoşunlarının Azərbaycan ərazisində, eləcə də, Gürcüstanda və Ermənistanda qalmasına səbən olan Qərb siyasi mərkəzləridir. Çünki Azərbaycanda da, Rusiyada da yaxşı bilirlər: Rusiyadan boşalacaq yerə Qərb iddialıdır.
ABŞ Ermənistanla birlikdə təlimlər keçirir. Avropa İttifaqı Ermənistanın Azərbaycanla sərhədlərinə yaxın olan ərazilərdə parklanma yeri açır. Fransa Ermənistana qoşun göndərir. Üstəlik orada - Ermənistanda Rusiya qoşunları da var. Burda aydın deyilmi ki, onlar Qarabağa dair oyun qurub, Azərbaycana "yan xətdən" daxil olmaq istəyir. Fransa əlindən gəlməyən hər şeyi edir ki, bölgəyə daxil olsun. Afrikadan rüsvayçılıqla qapıdan qovulanlar Avrasiyaya pəncərədən dəstursuz girmək istəyir. Xüsusilə də, Qafqaza. Bu üzdən hələ ki Rusiya qoşunu Qarabağda qalıb Azərbaycan və Türkiyə Fransanın, eləcə də, uzaqdan gələn başqa çağırılmamış qonaqların Qafqaza girişini birlikdə önləmək, bundan da ziyadə bölgədə inkişaf maraqlarına dayanan əməkdaşlıq reallığı yaratmaq istəyir.
Artıq "3+3" formatı yenidən gündəmə daşındı; dünənə qədər bu formula açıq-gizli - hər cür qarşı çıxan İran, "format ölkələrinin" xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edir. Ermənistan da ordadır. Hətta razılığa gəlinib ki, format üzrə ölkələrin milli təmsilçiləri təyin olunsun. Növbəti görüş Türkiyədə olacaq. Ümid var ki, ikinci görüşə Gürcüstan da gələcək. Bütün bunlar Qafqazı, xüsusilə, Cənubi Qafqazı uzaqdakı yadellilərdən qorumaq üçündür. Əlbəttə, bu formatın perspektivinə də şübhə ilə baxanlar var. Elə həmin Qərb və Cənubi Qafqaz ölkələrindəki Qərb təsir agenturası "3+3" formatının uğuruna nəinki skeptik baxır, hətta buna mane olmağa çalışır. O baxımdan, Rusiyanın və NATO üzvü olan Türkiyənin belə Cənubi Qafqazda təsiri və hətta varlığını sonlandırmağa cəhd edir. Rusiyanın bölgədən, ən azı Azərbaycandan getməsini Azərbaycanda istəməyən, demək olar, yoxdur. Biz də bu mövqedəyik ki, Azərbaycan öz ərazi bütövlüyünü özü necə bərpa etdisə, öz suverenliyini necə özünə qaytardısa, ərazisinə nəzarəti və təhlükəsizliyini də özü təmin etmək qüdrətindədir.
Bu üzdən heç şübhə yoxdur ki, Rusiya qoşunu da bəlli prosedurlar çərçivəsində Azərbaycan ərazisindən çıxarılacaq. Kimlər bunun əksini düşünürsə və danışırsa, bu tezis üzərindən tənqidi mülahizələr qurursa, Xankəndinə bayraq sancılanda yanıldığı duruma düşəcək.
Bəli, Rusiya Azərbaycandan getməlidir və gedəcək. Azərbaycan dövləti bunu da təmin edəcək; bizim şübhəmiz yoxdur. Ən azı ona görə ki, Rusiya "sülhməramlı kontingentinin" Qarabağa gəlişini zəruri edən səbəbləri Azərbaycan dövləti aradan qaldırıb. Gerisi təfərrüatdır.
Bahəddin Həzi, Bizimyol.info






