2020-ci il 44 günlük Vətən müharibəsində qazandığımız qələbə 30 illik işğala son qoydu. Ancaq separatçı rejim Qarabağdan çıxmaq niyyətində deyildi. Müxtəlif formatlarda danışıqlar aparıldı. Azərbaycan Prezidenti bütün danışıqlarda "Qarabağ, Azərbaycandır" deyə dəfələrlə vurğuladı. Qarşı tərəfin riyakarlığı daha da geniş vüsət alırdı. Və sentyabrın 19 və 20-də Azərbaycan öz torpaqlarında lokal antiterror tədbiri keçirdi. Qarabağ separatçılardan təmizləndi. Bu gün Ermənistan Azərbaycana uzun illər yaşatdığı işğala, cinayətlərə görə, mühakimə edilməli, cinayətkarlar cəzasız qalmamalıdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 44 günlük savaş, Azərbaycan həqiqətləri, Ermənistanın törtdiyi müharibə cinayətləri haqqında çıxış etdiyi bütün platformalarda söz acır. Amma biz hər birimiz olduğumuz hər yerdə bu cinayətləri xatırlatmalı, qarşılaşdığımız cinayətlər, soyqırımlar haqqında hər kəsi məlumatlandırmalıyıq ki, axan qanlar yerdə qalmasın…
Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistan bir layihə dövlət olaraq, bu ərazidə qarışıqlıq yaratmaq, terror etmək, qonşuluğunda olan Azərbaycan -Türkiyənin birləşməsinə və s.məsələlərə yalnız maneə məqsədi güdür. 100 ildən artıqdır ki, qarşısında qoyulan məqsədinə çatması üçün “çalışıb”.
Vüqar İskəndərov“Etiraf etməliyik ki, hardasa nail olduğu məsələlər də var. Böyük ərazilər işğal edib, sonra o ərazilər onlara pay kimi verilib. Ali baş komandanın, şanlı Azərbaycan ordusunun və xalqın birliyi sayəsində biz bu 100 illərlə yığılıb qalmış kədər və qürurun sındırılmasını tamamilə əksi olan hisslərlə qürurlandırdıq, böyüdük. Hal-hazırda hətta dünyanın ən qürurlu qəhrəman xalqına çevrilmişik. Biz nə qədər dövlətlərin, qüvvələrin bizə paxıllıqla baxdığını, bizim bu qələbəmizi həzz etmədiyinin də fərqindəyik. Lakin bu, heç nəyi dəyişmir. Ölkəmiz öz gücünə iqtisadiyyatının, insan potensialının, ali baş komandanın və ölkə prezidentinin uzaqgörənliyini, qətiyyətini, mübarizliyini, dünya siyasətini, mükəmməl birliyinin nəticəsində biz öz inkişaf yolumuzla inamla irələyirik”-deyə deputat bildirib. Onun sözlərinə görə, Vətən müharibəsində qazanılmış bu tarixi qələbə bizi bir xalq olaraq daha da böyütdü. Deputatın fikrincə, gələcək nəsillər bu dövrün, bu zamanın müasirlərinə qibtə edəcəklər.
“Bu, çox maraqlı və kədərli ola bilər. Həm tarixdə izlərini qoymuş, həm də çox qürurlu və əzəmətli günlər yaşadıq, yaşamaqdayıq. Ermənistanın bu müharibədə rüsvayçı məğlubiyəti, yalnız bu gün yarım dövlət olan Ermənistan Respublikasının yox, dünya erməniliyinin belini sındırdı. Bel sütununu əydi. Artıq özündən müştəbeh danışan erməni toplumları susqundur. Başı aşağıdır. Onların qarşısında bir fateh var. İlham Əliyev ilmə-ilmə, incə-incə zamanla bütün məsələlər üzərində zərgər dəqiqliyi ilə işlədi. Azərbaycanı qələbəyə qədər aparan yolda inamla addımladı. Çətinliklərdən keçdi. Amma məqsədə, hədəflərə çatdı və xalqını da çatdırdı”-deyə Vüqar İskəndərov əlavə edib.
Deputat deyir ki, hələ qarşımızda ermənilərin 100 illərlə həyata keçirdiyi beynəlxalq cinayətləri dünya birliyinə çatdırmaq məqsədi var. Hələ qarşıda ermənilərin Azərbaycan torpaqlarında etdiyi genosid, urbisid, mədəni və digər soyqırım faktlarını araşdıraraq bütün dünyaya duyurmaq məqsədi var.
“Hələ Ermənistandan bütün törətdiyi cinayətlərin qarşılığında təzminat almağımız var. Ermənilər və onların havadarları bütün bu etdikləri cinayətlərin cavabını bir-bir verməlidirlər. Bu kontekstdən baxsaq, üzərimizə böyük məsuliyyət düşür. Həm dövlət orqanlarının, həm də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının, sadə insanların, gənclərin, hər birimiz bir diplomat olaraq, ölkəmizin haqq səsini, ədalətli mövqeyini bütün dünyaya durmadan bəyan etməli, lobbiçilik fəaliyyətini inkişaf etdirməliyik. Ümumi amalımıza, məqsədimizə çatmağımız üçün qarşıda gərgin işlərimiz var. Düşünürəm ki, bütün bu saydığımız hədəflərə və məqsədlərə uğurla çatacağıq”-deyə deputat fikrini yekunlaşdırıb.
P.S. Bu gün Azərbaycan qalib və güclü ölkədir. Bu gün vaxtilə Azərbaycana meydan oxuyan qüvvələr Azərbaycan qanunvericiliyi qarşısında mühakimə olunur, hətta saxta gözyaşları axıdırlar. Etiraf edək ki, bu gün həmin şəxslərə ən ağır cəza verilsə belə, azdır…
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı AgentliyiMəqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.






