Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan özünü demokratik ölkə kimi göstərərək, sülh sazişinin ilin sonunadək bağlanmasını istəyir"
"Ermənistan özünü demokratik ölkə kimi göstərərək, sülh sazişinin ilin sonunadək bağlanmasını istəyir"

Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin nizamlanması haqqında saziş imzalamağa hazırdır. “Biz ilin sonuna qədər Azərbaycanla sülh və münasibətlərin nizamlanması haqqında saziş imzalamağa hazırıq. Yeri gəlmişkən, iyulun 15-də Brüsseldə razılaşdırılan və bu razılaşmanın Şarl Mişelin görüşün yekunlarına dair bəyanatında öz əksini tapmış Qranada görüşünə Azərbaycanın gəlməkdən imtina etməsi, əlbəttə ki, işimizi asanlaşdırmadı”- deyə Paşinyan bildirib. Eyni zamanda o, Brüsseldə keçirilən görüşlərdə qəbul edilmiş bütün prinsiplərin rəsmən təsdiqlənəcəyi təqdirdə ilin sonuna qədər sülh müqaviləsinin bağlanmasının çox reallaşacağını açıqlayıb.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünən Nikol Paşinyan Avropa parlamentində çıxış etdi. Azərbaycanla ilin sonunadək sülh müqaviləsinin bağlanmasına hazır olduqlarını bildirdi.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Paşinyan keçən il də bu haqda məlumat vermişdi. O, dəfələrlə bildirmişdi ki, yəni 2022-ci ildə ilin sonunadək sülh müqaviləsi bağlanacaq. Ancaq Paşinyan, öz himayədarlarının təsiri ilə verdiyi sözdən imtina etdi"- deyən politoloqun fikrincə, bu gün yeni reallıq yaranıb, Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa edib.

“Azərbaycan prezidenti Laçında sakinlərlə görüşən zaman bildirdi ki, Paşinyan bir neçə dəfə şifahi olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib. Amma bunu rəsmi sənədlə təsdiq etməlidir ki, biz də bilək ki, o, sözündən qaçmayacaq. Çünki adətən ermənilər rəsmi sənəd imzalanacaq həmin sənədin də arxasından qaçırlar. Onların sözünə etibar etmək olmaz. Nəhayət Granadada keçirilən 4 tərəfli görüşdə Azərbaycan iştirak etmədi. Çünki Azərbaycan tələb etmişdi ki, həmin görüşdə Türkiyə də iştirak etsin, onlar isə buna icazə vermədilər. Bu səbəbdən də, Azərbaycan prezidenti ordan getməkdən imtina etdi. Həmin 4 tərəfli görüşdə Paşinyan Azərbaycanın suveren ərazisini 1991-ci il SSRİ xəritəsinə əsasən 86,6 min km² ərazisini tanığını bildirdi. Və orada yekun sənədə qol çəkərək, bunu imzası ilə təsdiqlədi”-deyən politoloq bildirib ki, bu da bizim üçün müsbət haldır. Onun sözlərinə görə, Paşinyan oktyabrın 17-sində Avropa parlamentində çıxışında bunu vurğulayıb.

Həsənov bildirib ki, Azərbaycan prezidenti də Ermənistanın ərazisinin həmin bütövlüyünü, 29,8 km² ərazini tanığını şifahi olaraq bildirib.

“Yəni bizim Ermənistanla aramızda indi heç bir məsələdə fikir ayrılığı qalmayıb. Qarabağda olan separatçı qüvvə özünü buraxdı və çıxıb getdi. Onlar Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etməkdən imtina etdilər. Azərbaycan qanunlarına tabe olmaqdan imtina etdikləri üçün getdilər. Müəyyən hissəsi qalıb, onlar haqqında da artıq reinteqrasiya tədbirləri görülür. Onlar Azərbaycan vətəndaşlığına qəbul olunacaq. Separatçı rejimin silahlı qolu təslim oldu. Onların əlində olan silah-sursatların hamısı yığılıb təhvil verilir”-deyən politoloq bildirib ki, indi Ermənistan özünü demokratik ölkə kimi göstərərək, sülh sazişinin ilin sonunadək bağlanmasını istəyir.

Elşad Həsənov qeyd edib ki, oktyabr ayının sonuna Brüsseldə Şarl Mişelin moderatorluğunda Azərbaycan Respublikasının prezidenti ilə Paşinyanın görüşü gözlənilir. Bu görüşə artıq razılıq verilib. Politoloq hesab edir ki, həmin görüşdə də müsbət nəticələr əldə olunacaq.

“Biz dediyimiz sözün arxasında dururuq. Burada biz də onların ərazi bütövlüyünü rəsmən tanıyacağımız sənədə qol çəkəcəyik. Eyni zamanda burada kommunikasiyaların açılması, sərhədlərin delimitasiya-demarkasiya məsələləri də müzakirə olunacaq”-deyə Elşad Həsənov bildirib. O, xatırladıb ki, 2020-ci ilin noyabrın 10-da bağlanmış 3 tərəfli bəyannamənin 9-cu maddəsi yerinə yetirilməmiş qalır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »