"Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskvada ev sahibliyi edə bilər".
Bizimyol.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Rəhbərləri Şurasının dar tərkibdə keçirilən iclasında deyib.
“Gündəmdə bu uzun müddətdir davam edən münaqişəyə nəhayət son qoymaq üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi var. Rusiya tərəfi təbii ki, bu məsələdə tərəfdaşlarımıza hər cür yardım göstərməyə hazırdır”, - deyə Rusiya dövlətinin başçısı bildirib.
“Xüsusən, biz lazım gələrsə, istənilən formatda Moskvada danışıqların təşkili ilə razıyıq”, - deyə Putin təklifə aydınlıq gətirib. Onun sözlərinə görə, söhbət Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və ekspertləri arasında aparılan danışıqlardan da gedir. “Əlbəttə, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik”, - Rusiya Federasiyasının Prezidenti vurğulayıb.
“Bir daha deyirəm: seçim həmişə müvafiq ölkədən asılıdır. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq”, - deyə o əlavə edib.
Putin son üç ildə Rusiya tərəfinin Qarabağda münaqişənin genişlənməsinin qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün əhəmiyyətli səylər göstərdiyinə də diqqət çəkib. “Bütün bu müddət ərzində Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli formatında iki paytaxt - Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş gərgin iş aparılıb”, - Rusiya Federasiyasının Prezidenti qeyd edib. "Bundan əlavə, Rusiya sülhməramlıları mövcud səlahiyyətləri çərçivəsində öz missiyasını vicdanla yerinə yetiriblər", - deyə Putin qeyd edib.
Qadir, Bizimyol.info






