“Avropa İttifaqı daxilində Ermənistanla münasibətlərin dərinləşməsi ilə bağlı konsensus var. Bu konsensus iki mühüm bəyannamədə Aİ Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz ilə dördtərəfli bəyannamə və Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə ikitərəfli bəyannamədə öz əksini tapıb. Bu iki bəyannamə regionumuzda sülhün əsaslarını vurğulayır. Bu sütunlardan biri də Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazilərinin qarşılıqlı tanınmasıdır”. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan müsahibəsində bildirib. O, qeyd edib ki, sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata bəyannaməsi əsasında və sovet dönəminin sonlarına aid xəritələrə uyğun aparılmalıdır.
“Ağ Partiya”-nın başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan Azərbaycan ərazilərinə daha iddia etmir.
Əhəd Məmmədli“Amma həmin o dediyi sovet xəritəsinə uyğun olaraq, bizim Gədəbəy rayonunda Başkənd kəndi var. 90-cı illərin əvvəllərində azad edilib. Onu Ermənistanın ərazisi kimi tanıyır və anklav olaraq, onu istəyir. Bu haqda artıq çıxış da edib. Amma təbii ki, heç bir kənd ona verilməməlidir, o, cəfəngiyat danışır. Deyir ki, "siz bizdə olan anklavları istəyirsiniz, biz də sizdə olan bizim anklavları istəyirik". Bu şəkildə ərazi bütövlüyünə hörmətdən danışır. Ermənistanın 29 min kvadrat km dediyi ərazi bütövlüyünə məhz Başkənd də daxildir. Onsuz ola bilməz”-deyə Əhəd Məmmdli qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında müharibədə Azərbaycan qalib gəldi. Tarixə nəzər salanda da görürük ki, qalib gələn ölkə ilə istənilən halda məğlub olan ölkə sülh müqaviləsi bağlayır. Daha üstün şərtlər əsasında danışıqlar aparılır. Azərbaycan da bu müharibədə qalib gəlib.
Politoloqun fikrincə, döyüş meydanında qazandığımız qələbəni diplomatik meydanda verməli deyilik. Azərbaycan buna getməz.
“Paşinyan cəfəngiyat danışır. Bir günlük antiterror əməliyatı olanda qorxusundan özünü də, ölkəsini də kənara çəkmişdi. Azərbaycanda erməni hərbçilərin olmadığından danışırdı. Görünür yenə həmin istər İkinci Qarabağ müharibəsində olduğu kimi, istər ötən ilin sentyabr ayında Zəngəzurda apardığımız əməliyyat kimi, istər bir günlük lokal səviyyədə antiterror tədbiri kimi Paşinyana hərbi güc göstərməliyik ki, bir daha Başkəndin adını ağzına almasın”-deyə Əhəd Məmmədli Ermənistanla sülh müqaviləsnin əleyhinə olduğunu dilə gətirir. O, deyir ki, biz sovet xəritələrinə deyil, cümuhuriyyət xəritələrinə iddia etməliyik. Həmin xəritəyə əsasən Zəngəzur, Dağborçalı, Göyçə Azərbaycanın ərazisidir. Bu səbəbdən də biz Ermənistanla sülh müqaviləsi imzalamağa tələsməməliyik.
Bəs Paşinyan niyə Azərbaycanla sülh müqaviləsi imzalamağa tələsir?
Politoloq deyir ki, bu gün Ermənistan zəif vəziyyətdədir və bu saat onun əsas məqsədi Ermənistanın sovet xəritəsi ilə cızılan sərhəddini qoruyub saxlamaqdır.
“Hər gün dünyada vəziyyət dəyişir. Ukrayna müharibəsi, Qarabağ müharibəsi, Fələstində müharibə… dünya dəyişir və dəyişən dünyada dünya xəritəsi yenidən cızılır. Biz Ermənistanın zəif olan vaxtında, bizim güclü olan vaxtımızda, Türkiyənin güclü olan vaxtında niyə biz Ermənistanla sülh müqaviləsi imzalamalıyıq? Əksinə, biz bu məsələni açıq qoymalıyıq və Zəngəzur cəbhəsində Göyçə cəbhəsində yenilənməliyik ki, Paşinyan bir daha Başkəndin adını ağzına almasın. Və bizim olan anklavlarımızı da Azərbaycan ərazisi kimi şərtsiz tanısın”-deyə politoloq vurğulayıb.
İradə Cəlil, Bizimyol.info






