Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yay sessiyası işinə başlayıb. Sabah sessiyada “Qarabağda humanitar vəziyyət” və “Osman Kavalanın dərhal azad edilməsinə çağırış” mövzusunda təcili debatların keçirilməsi də gözlənilir.
Qarabağda humanitar vəziyyətin müzakirə edilməsinə ehtiyac varmı?
Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Şurasının son vaxtlar Qarabağla bağlı Ermənistan-Azərbaycan arasındakı mövcud vəziyyətlə bağlı çıxardığı qərarların əksəriyyətində, xüsusilə Avropa Şurası Parlament Assambleyasında da təqribən eyni vəziyyətdir. Politoloqun fikrincə, çıxardıqları qərarların böyük əksəriyyəti mahiyyət etibarı ilə qərəzli və sifarişli bir xarakter daşıyır.
Samir Hümbətov“BMT missiyası həmin əraziləri, yəni Azərbaycanın Qarabağ bölgəsini gəzir və ordakı vəziyyətlə tanışdır. Orada etnik təmizləmə siyasəti yoxdur. Həmin ərazilərdə insan həyatına son qoyulması, yəni kütləvi insan qətliamları yoxdur. Sadəcə olaraq Azərbaycan orada olan silahlı qrupların, silahlı terrorçu dəstələrinin oradan çıxarmasını tələb edirdi. Çıxmadılar, onları hərb yolu ilə çıxardı. Amma əhalini, oradakı separatçı rejimin ünsürləri, özləri panikaya salaraq, oradan uzaqlaşdırıblar. Yəni Qarabağdakı humanitar vəziyyətlə bağlı hər hansı bir müzakirəyə əslində ehtiyac yoxdur. Sadəcə olaraq, bu Avropanın və Avropadakı bəzi dövlətlərin Azərbaycanla bağlı məkrli siyasi planlarına bir parçasıdır”-deyən politoloq vurğulayıb ki, burda da başda təbii ki, Fransa dayanır. Fransaya dəstək verən digər kiçik dövlətlər var ki, onlar da eyni mövqedədirlər.
Samir Hümbətovun fikrincə, görünən odur ki, erməni diasporası onların içinə o qədər nüfuz edib ki, hətta öz prinsiplərinə zidd olan addımlara belə gedirlər.
“Bu gün Rusiyanın Avropaya qaz ixracının dayandığı, Azərbaycandan ciddi dəstək aldıqları bir dönəmdə, eyni zamanda neft-qaz sahəsində əməkdaşlığın olduğu bir dövrdə belə bir addımın atılması və belə bir addımın sifarişlə həyata keçirilməsi Avropanın özünün qəbul etdiyi dəyərlərə prinsiplərə ziddir. Bu cür tədbirlər keçirəcəklər. Amma mən onların hər hansı bir ciddi əhəmiyyətinin olacağını və ya hansısa ciddi siyasi təsirə malik olacağını düşünmürəm”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info






