Rusiyanın Ermənistanda olan 102-ci hərbi bazası və Rusiya sərhədçiləri ilə bağlı məsələ qaldırılmayıb.
Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib.
“102-ci hərbi baza və Rusiya sərhədçilərinin Ermənistanda yerləşdirilməsinin əsasları bəllidir və bu əsaslar hələ də qüvvədə qalmaqdadır. Onların mövcudluğuna haqq qazandırmaq məsələsi nə Rusiya, nə də Ermənistan tərəfindən qaldırılmayıb”, - Paşinyan deyib.
Rusiya sülhməramlılarının Qarabağda sonrakı yerləşdirilməsi məsələsinə gəlincə, Paşinyan bu suala cavab verməkdə çətinlik çəkib. “Rusiya Sülhməramlı Kontingentinin Qarabağda bundan sonra da qalması məsələsi bizdən asılı deyil, ona görə də onların bundan sonra orada qalması ilə bağlı suala birbaşa cavab verə bilmərəm. Sülhməramlılar getsələr, Rusiyaya gedəcəklər. Başqa bir sual isə onların Ermənistan, yoxsa Azərbaycan ərazisindən keçəcəyi ilə bağlıdır”, - Paşinyan bildirib.
Ermənistan ərazisinə sülhməramlı kontingentin yerləşdirilməsi ilə bağlı Paşinyan bildirib ki, bunun heç bir hüquqi əsası yoxdur.
Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilir. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.
Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi aparır.
Rusiya sərhədçiləri 1992-ci il sentyabrın 30-da İrəvanda bağlanmış Rusiya sərhəd qoşunlarının Ermənistan ərazisindəki statusu haqqında dövlətlərarası sazişə uyğun olaraq Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində xidmət edir. Rusiya FTX-nin Ermənistandakı sərhəd departamentinə dörd sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Meqri, həmçinin İrəvandakı Zvartnots beynəlxalq hava limanında ayrıca keçid məntəqəsi daxildir.
Qadir, Bizimyol.info






