"Haqq-ədalət söz olub əyilə bilər, ancaq üzülməz. Azərbaycanın öz torpaqlarının azadlığı uğrunda, təhlükəsizliyinin təmin edilməsi yolunda apardığı mübarizə və qazandığı qələbə bunu bir daha sübut etdi. Çünki 30 il Azərbaycan xalqının haqq-ədalət səsi eşidilmədi. Mənfur düşmənlər və onların havadarları tərəfindən təbliğat aparıldı. Azərbaycan dövləti bu illər uzunu münaqişənin həll olunması, torpaqlarının düşməndən azad edilməsi uğrunda gərgin mübarizə aparmasına baxmayaraq, istəyinə nail ola bilmədi. Sülh çağırışları, danışıqlar heç bir nəticə göstərmədi. Belə olan təqdirdə, Azərbaycan Respublikasının prezidenti Ali Baş komandan cənab İlham Əliyev silaha əl atmağın, haqq yolunun vacibliyini qeyd etdi. Və döyüş əmri verdi".
Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirir ki, Azərbaycan prezidentinin qətiyyəti, uzaq görən siyasəti, ordumuzun döyüş qabiliyyəti, igid oğul qızlarımızın şücaəti və xalqın birliyi özünü göstərdi. 44-günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı.
Tahir Rzayev“Müharibənin başa çatmasına, bir sıra 3 tərəfli görüşlər keçirilməsinə, bəyanatlar imzalanmasına baxmayaraq, yenə də Ermənistan sülh yolunu məqbul hesab etmədi və Qarabağda yerləşən silahlı birləşmələrini oradan çıxarmadı. Dəfələrlə Azərbaycan prezidenti sülhün vacib olduğunu, sərhədlərin müəyyən edilməsini, dəhlizin açılmasını Ermənistan rəhbərlərinə çatdırmasına, dünyaya bəyan etməsinə baxmayaraq, yenə də buna məhəl qoyan olmadı. Ermənistan başda baş nazir Nikol Paşinyan olmaqla, onun havadarları Azərbaycanın haqlı tərəflərini və imzalanmış bəyanatların tədbirlərini yerinə yetirməkdən boyun qaçırdılar. Revanş götürmək, yenidən hücuma hazırlaşmaq niyyətlərini bəyan etdilər. Belə olan halda, Azərbaycan prezidenti Qarabağda lokal antiterror tədbirlərinin keçirilməsini vacib bildi. Və 24 saatın ərzində oradakı silahlı birləşmələr məhv edildi. Bu gün Xankəndi və Qarabağın qalan bütün torpaqları azaddır”-deyə Tahir Rzayev əlavə edib.
Deputatın fikrincə, ancaq Azərbaycana vurulan yaralar uzun əsrlər boyu sağalmaz. Çünki 30 ildə erməni təcavüzkarları, onların havadarları tərəfindən Azərbaycan xalqının başına olmazın müsibətlər gətirilib. Torpaqlarımız işğal altında qalmış, minlərlə vətəndaşlarımız öldürülmüş, qətlə yetirilmiş, əsir götürülmüşdür.
Deputat deyir ki, bu gün aşkar olunan kütləvi qəbirstanlıqlar erməni vəhşiliyinin vandalizminin simasını açır, azərbaycanlıların başına gətirilən o bəlalardan xəbər verir.
“Bu 30 ildə dövlətimiz möhkəmləndi, ordumuz gücləndi, xalqımızın birliyi təmin edildi. Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar oldu. Bu, Azərbaycan prezidentinin həyata keçirdiyi tarixi bir tədbir və ölkənin gələcəyinə hesablanmış siyasət idi. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, iqtisadiyatın yüksəlişinə, insanların rifahının yaxşılaşmasına zəmin yaratmaqla bərabər insanları torpaqlarının azadlığı uğrunda mübarizəyə səfərbər etdi. Bu gün Azərbaycan xalqı özünün xoşbəxt hesab edir. Torpaqları azaddır, ancaq vurulan yaraları heç zaman unuda bilməz. Buna görə də ölkəmizin rəhbəri cənab İlham Əliyev dəfələrlə xatırladıb ki, “biz haqqımızı-hüquqlarımızı bərqərar etdik. Biz ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşduq. Və qalib gəldik.
Dövlət rəhbəri onu da qeyd edir ki, Azərbaycan xalqının qanını axıdan, Azərbaycan torpaqlarını işğal altında saxlayan, onminlərlə insanın qətlinə bais olan və şəhərlərimizi, kəndlərimizi xarabalığa çevirən qatillər cəzadan kənar qalmayacaq. Onlar haqq-ədalət məhkəməsi qarşısına çıxarılacaq və layiq olduğu cəzaları alacaqlar”-deyə Tahir Rzayev əlavə edib.
Deputat deyir ki, bu gün təcavüzkar Ruben Vardanyanın Qarabağın keçmiş prezidentləri - qondarma quruma rəhbərlik edən Arkadi Qukasyan, Bako Sahakyan, Arayik Arutunyan və daşnak David İşxanyan həbs olunub. Onların Bakıya gətirilməsi və məhkəmə qarşısına çıxarılması bir daha göstərir ki, haqq-ədalət mübarizəsində Azərbaycan inamlıdır və qatillərə öz cəzasını verməyə qadirdir.
“Xalqımızın faciəsinə bais olan hər bir qatil, hər bir cəllad öz cəzasına çatmalıdır. Azərbaycan xalqı bunu tələb edir. Azərbaycan prezidenti dəfələrlə qeyd edir ki, “biz sülhün əmin-amanlığın, əməkdaşlığın tərəfdarıyıq. Və düşmənçiliyə son qoymağın, Qafqazda sabitliyin bərqərar edilməyinin vaxtıdır. Xarici dövlətlər Ermənistana havadarlıq edənlər bu yoldan çəkilməli və bizə dinclik verməlidirlər”.
Çox təəssüflər olsun ki, bu gün yenə də Ermənistandan kənarda Azərbaycan əleyhinə olmazın böhtanlar yağdırılır və Ermənistan rəhbərliyi Azərbaycana qarşı yeni sanksiyaların tətbiq olunması niyyətindədir. Sözsüz ki, bunların heç biri keçərli deyil. Azərbaycan özünün haqlı mübarizəsini davam etdirir. Bu mübarizədə qatillərin Köçəryanların, Sanksiyanların... və digərlərinin də ədalət məhkəməsi qarşısına çıxarılması gözlənilir. Bu canilər də tez bir zamanda həbs olunacaqlar. Onlar Azərbaycana gətiriləcəklər və məhkəmə qarşısında törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar. Bütün Azərbaycan xalqı buna əmindir”-deyə Tahir Rzayev bildirib.
Deputat hesab edir ki, son illərdə ölkədə keçirilən tədbirlər, iqtisadiyatın inkişafı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun möhkəmləndirilməsi, Azərbaycan xalqının birliyi deməyə əsas verir ki, Azərbaycan öz düşmənlərinə qarşı daimi mübarizə aparacaq. Və bu mübarizədə uğurları daha çox, qələbələri də daha yetkin olacaq.
İradə Cəlil, Bizimyol.info
Azərbaycan Respublikasının Medianın İnkişafı AgentliyiMəqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması.






