"Hazırda Elm və Təhsil Nazirliyi işğaldan azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır".
Bizimyol.info xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.
Nazir: "Azərbaycanda tibb təhsili hazırda sadəcə bir ali təhsil müəssisəsində verilir. Lakin bu sahədə universitetlər arasında mübadiləni təmin etmək mümkündür. Xüsusən də texnologiya sahəsində bu mübadilənin daha məqsədəuyğun olacağını düşünürük", - deyə qeyd edib.
"Biz düşünürük ki, Qarabağ Universitetində də tibb təhsilinin verilməsi bu sahədə əhəmiyyətli dəyişiklik yarada bilər", - deyən nazir əlavə edib ki, tibb təhsilinin beynəlxalq təcrübələrə uyğunlaşdırılmasına ehtiyac var. O qeyd edib ki, nazirlik bu istiqamətdə təkliflərə açıqdır.






