Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizi layihəsi Tehran administrasiyası tərəfindən rədd edilib.
Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran prezidenti Rəisi bu layihənin NATO-nu bölgəyə cəlb edəcəyini əsas gətirərək ona qarşı olduqlarını açıqlayıb.
Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsi ilə bağlı İrandan mənfi bəyanatlar gəlməkdə davam edir. Nəhayət, İran prezidenti İbrahim Rəisi Zəngəzur dəhlizinin açılmasının “qətiyyətlə əleyhinə” olduğunu bildirib. Rəisi ötən gün paytaxt Tehranda Azərbaycan prezidenti İlham Əliyevin xüsusi nümayəndəsi Xələf Xələfov və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə ayrı-ayrılıqda görüşlər keçirərək Qafqaz regionunda baş verən prosesləri müzakirə edib. İran Prezident Aparatı danışıqların təfərrüatlarını paylaşıb.
Rəisi hər iki görüşündə həmsöhbətlərinə: "Zəngəzur dəhlizi NATO-nun regionda mövcudluğu üçün əsas olacaq, ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacaq və bu səbəbdən İran qəti şəkildə buna qarşıdır”, - deyib.
Rəisi Qafqazda istənilən geosiyasi dəyişikliyi “qəbuledilməz” adlandırıb və bunun region ölkələrinin maraqlarına zərər verə biləcəyini müdafiə edib. Üçüncü ölkələrin Qafqaza müdaxiləsinə qarşı olduqlarını bildirən Rəisi, Ermənistanla Azərbaycan arasındakı problemlərin dialoq yolu ilə həll edilməli olduğunu, vurğulamaqla yanaşı, İranın bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib. Bölgədəki ölkələrin problemlərini təkbaşına həll etmək gücündə olduğunu deyən prezident Türkiyə, Azərbaycan, İran, Ermənistan, Gürcüstan və Rusiyanın daxil olduğu 3+3 formatına işarə edib.
Zəngəzur dəhlizi üçün Rusiyadan “yaşıl işıq” kimi qiymətləndirilə biləcək açıqlama gəliv. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Zəngəzur dəhlizinin açılması normallaşma potensialını ehtiva edir: “Azərbaycanı Ermənistanın Mehri bölgəsi vasitəsilə Naxçıvana birləşdirən nəqliyyat yolunun bərpası layihəsi nəzərdən keçirilir. Biz görürük ki, layihənin həyata keçirilməsi Yerevanla Bakı arasında münasibətlərin normallaşması üçün əhəmiyyətli potensiala malikdir. Hər şey ölkələrin siyasi iradəsindən və onların müəyyən razılaşmaların əldə edilməsinə hazır olmasından asılıdır", - deyə Zaxarova bildirib.
Qadir, Bizimyol.info






