Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) təşkilatçılığı ilə Park Bulvar AVM-də "China Auto Fest 2023" festivalı baş tutub. Festivalda Çin avtomobil brendlərindən "Changan", "Faw"," MG", "Baic", "Hongqi", "Kaiyi", "Skywell", "Jetour", "Leap", "Geely", "Chery", "VGV", "Haval" və "Jac" iştirak edib.
Tədbirin media tərəfdaşı Bizimyol.info xəbər verir ki, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası"nın icraçı direktoru Eyyub Əliyev keçirilən "avto-festival"da 11 Çin markası avtomobil iştirak etdiyini bildirib: "Burada - Park Bulvar AVM-də Çin avtomobil günlərini təşkil etmişik və rəsmi dilerlər tərəfindən təqdim olunan 11 avtomobil markasından müxtəlif növ modellər burada nümayiş olunur. Həmin avtomobillərin içərisində həm elektrik mühərrikli, həm hibrid, həm də benzin yanacağı ilə çalışan avtomobillər nümayiş etdirilir. Bu avtomobillərlə tanış olub, onların şərtləri ilə maraqlanmaq istəyənlər üçün həmin marka avtomobillərin nümayəndələri də bu sərgidə iştirak edir. Avtomobillərin satışı və kredit şərtləri ilə bağlı bütün məlumatları onlardan ala bilərsiniz".
Tədbirə dəvət olunan qonaqlardan sabiq polis polkovniki Vaqif Əsədov keçirilən avto-festivalla bağlı fikirlərini Bizimyol.info portalı ilə bölüşüb: "Ümumiyyətlə, "ətraf-mühitin mühafizəsində elektrikli avtomobillərin istifadə edilməsi, hər bir azərbaycanlı vətəndaşın qarşısında duran mühüm vəzifələrdən biridir" desəm, yəqin ki, yanılmaram. Nəzərə alsaq ki, bu gün həmin aspektdən burada nümayiş olunan əksər avtomobillər hibrid və yaxud elektrik tipli avtomobillərdir, deməli, bu sərginin mütəmadi olaraq müxtəlif ərazilərdə keçirilməsi məqsədəuyğundur. Yəni sürücülər, başqa avtomobil sahibləri öz avtomobil parkında yenilik etməyi bacarmalıdır.
İndi hibrid tipli avtomobillərin digərlərindən fərqi ondadır ki, mühərriklərin işlək vəziyyətdə ətrafa buraxdığı dəm qazının tərkibi və yaxud elektriklə işləyən avtomobillərin, ümumiyyətlə zərərli maddələr istifadə etməməsi ilə bağlıdır. Ona görə də hesab edirəm ki, belə avtomobillərin həm satışının təşkil edilməsi, həm də alıcılar tərəfindən satın alınması təbliğ edilməlidir".
"China Auto Fest 2023" tədbirinin media tərəfdaşı Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında festivaldan görüntüləri izləyə bilərsiniz.
Mətin Şükürlü, Bizimyol.info






