Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid və qazilərimizə ithaf olunan “Mən burdayam, İlahi!” adlı tammetrajlı filmin nümayişi keçirilib - Video
Şəhid və qazilərimizə ithaf olunan “Mən burdayam, İlahi!” adlı tammetrajlı filmin nümayişi keçirilib - Video

Ötən günlərdə Flame Towers-də yerləşən "Park Cinema"-da 44 günlük Vətən Müharibəsi haqqında çəkilən “Mən burdayam, İlahi!” adlı tammetrajlı filmin xüsusi nümayişi keçirilib. Tədbirə şəhid ailələri, Vətən müharibəsi qaziləri, ziyalılar, tanınmış aktyor və aktrisalar dəvət edilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, ssenarist və yazıçı Nicat Dadaşov Vətən Müharibəsində iştirak etmiş hərbçilərimizin, qazilərimizin müharibədən sonra yaşadıqları sosial-psixoloji vəziyyəti özündə ehtiva edən "Mən burdayam, İlahi" filmini Bizimyol.info xəbər portalına şərh edib: "Filmin ssenari müəllifi kimi onu demək istəyirəm ki, bu film İkinci Qarabağ Müharibəsində iştirak edib, aldığı xəsarətlərdən komaya düşən qazimizdən bəhs edir. Düşünürəm ki, artıq Vətən Müharibəsində əldə etdiyimiz zəfərin üç ili tamam olacaq və bu mövzuya toxunmaq lazım idi. Biz də elə o fikirlə yola çıxdıq və ortaya çox maraqlı, drammatik janrda olan film gəldi. Bu, bizim sayca ikinci tədbirimizdir ki, onu geniş kütləyə nümayiş etdiririk. Bu dəfə isə qazilərə və şəhid ailə üzvlərinə göstərdik. Film haqda fikirlər olduqca müsbət idi, insan belə məqamlarda qürurlanır. Biz bir iş görmüşük və bizim işimizin son nöqtəsi bu məsələni işıqlandırmaq idi. "Mən burdayam, İlahi!" filmi də şəhidlərimizə, qazilərimizə və onların yaxınlarına ithaf olunur. Həmin insanlardan bu qədər isti münasibət görmək bizə bir əminlik verir ki, yəqin, işimizin öhdəsindən gələ bilmişik. İnşallah, bu film daha geniş izləyici kütləsinə yayılar, daha çox izləyici cəlb edər, biz də növbəti filmlərimizi işıqlandırarıq".

Filmə dəvət almış aktyorlardan Taleh Yüzbəyov filmin quruluşçu rejissoru Qulu Əsgərovu təbrik edib və bildirib ki, filmdə postmüharibə mövzusuna olduqca maraqlı yanaşılıb: "Bir müharibə iştirakçısının müharibədən sonrakı həyatı, onun keçirdiyi hislər, yaşadığı əziyyətlər, dramlar və sair olduqca gözəl təsvir edilib, maraqlı iş alınıb. Rejissor həlləri, operator işi və digərləri düşünürəm ki çox yaxşı səviyyədə idi. Arzu edirəm bu mövzuda növbəti filmləri də olsun. Ümumiyyətlə, müharibə mövzusunda yaxşı filmlər çəkmək olar. Sadəcə olaraq, oturub, işləyib, həmin əhvalatları tapmaq lazımdır. Bu filmdə həmin yanaşma hiss olunur və bu, təqdirəlayiqdir. İnşallah başqa rejissorlardan da, içi özüm qarışıq ssenaristlərdən də bu mövzuda yeni filmlər gözləyirəm".

Qeyd edək ki, film nümayişi zamanı şəhid yaxınları göz yaşlarını saxlaya bilməyib. Onlar film sahəsində belə mövzulara daha çox üstünlük vermənin və belə filmlərin xüsusilə orta məktəblərdə, digər təhsil müəsisələrində nümayiş etdirilməyinin önəmindən bəhs ediblər.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »