Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük qayıdış və xırda söhbətlər
Böyük qayıdış və xırda söhbətlər

Vallah, təftiş etməyə, tənqid etməyə, hətta qınamağa o qədər şey var ki. Ölkədə nə çox problem! Hər sahədə qüsurlar, çatışmazlıqlar olub və var. Ancaq... Yaxşı işlərə mane olmaq, gözdən salmaq lazım deyil. Yaxşıya “yaxşı”, pisə “pis” demək lazımdır. Onda dediyimiz sözün, fikrin bir faydası olacaq. Dahilərdən biri gözəl deyib: “Qaranlıqda deyinməkdənsə, bir şam yandır”.

Bizim ölkədə isə deyinənlər az deyil. Həm də bəzən yersiz yerə, haqsız yerə.

Bu günlərdə olan iki hadisəyə diqqət yetirək. Biri Laçında keçirilən “Şəhər günü” idi. Prezident və xanımı da bu tədbirlərdə iştirak etdi. Ora çoxlu qonaqlar çağırmışdılar. Həm təntənəli, həm səmimi bir ortam vardı. Hər halda şəkillərdən və videogörüntülərdən bunu hiss edə bilirik. Bilirsiniz ki, işğaldan azad olunmuş şəhərlər üçün ayrıca gün təsis edilib və ilk “Şəhər günü” Laçının payına düşdü. Sonra o biri azad olunan şəhərlərin günü bayram ediləcək.

Bunun dərin mənası var; biz – Azərbaycan və azərbaycanlılar olaraq azad olunmuş Qarabağa, Şərqi Zəngəzura qayıtmalıydıq, qayıtdıq və müxtəlif formalarda bunu nümayiş etdirməliyik. Biz o torpaqlarda varlığımızı hər fürsətdə təsbit və təsdiq etməliyik. Bu, böyük qayıdışın fəlsəfəsidir. Biz orda yaşamalıyıq. Yaşamağa başlamışıq da. Artıq Zəngilanda, Laçında, Füzulidə həyat var. Bu həyat Ağdama, Qubadlıya, Kəlbəcərə, Cəbrayıla və dair şəhərlərə də, kəndlərə də gələcək. Qarabağın, Şərqi Zəngəzurun camaatını ora köçürür dövlət və bununla da qalmır. Bəli, dövlət onların orada fiziki varlığına yol açıb və açır. Amma dövlət özü, bütövlükdə cəmiyyət olaraq hamımız azad olunmuş rayonlara köçənlərin yanında olmasaq, necə olar?! Laçındakı “Şəhər günü” də bu idi; dövlət və millət artıq Laçına qayıtdığını, Laçında məskunlaşan sakinlərin yanında olduğunu xüsusi olaraq vurğuladı. Sabah Xankəndinə də qayıdacaq bu dövlət, bu millət. Dosta da, düşmənə də - hamıya necə qayıtdığını, necə qayıdacağını göstərir. Bunun nəyi pisdir?!

Bəzi şərhlərə, paylaşımlara baxıram. Həm təəccüblənirəm, həm təəssüflənirəm. Dünənə qədər o rayonların işğl günlərində ağlaşma qururduq. Torpağı tələb edirdik. Budur, torpaqlar azad olunub. Qalanları da azad olunacaq. Və biz bu torpaqlara deyə-gülə, oxuya-oynaya qayıdırıqsa, nəyi pisdir və niyə pisdir?! Laçında bir qazinin videosunu paylaşdılar və bunu yayan saytlar da vardı. Bəli, həmin qazinin həmin torpaqlarda konsertə, tamaşaya baxmağa, deyib-gülməyə, qol götürüb oynamağa haqqı və əsası var. Şansı da olmalıdır. Bu şəhər günündə mümkün olmadısa, Mədəniyyət Nazirliyi, yaxud Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, eləcə də, Müdafiə Nazirliyi qaziləri dəstə-dəstə o bölgələrə apara bilər. Onlar üçün konsertlər keçirilər. Yaxşı olar, hər kəsi öz döyüşdüyü yerlərə də aparıb göstərsinlər. Onları orada simvolik də olsa, mükafatlandırıb sevindirsinlər. Bunlar ola bilər və bəlkə də olacaq. Onu da qəbul edək ki, qazilərimiz, şəhid ailələri çoxdur. Onların hamısını hər dəfə aparmaq mümkün deyil. Dediyim kimi, dəstə-dəstə aparmaq olar. Bu, həll edilə bilən məsələdir. Ancaq bir qazinin səmimi umacağından doğan narazılığı (lap haqlı narazılığı) ətrafında hay-küy, şou yaradıb Laçındakı o möhtəşəm bayramı kölgələmək düzgün deyildi.

İndi başqa bir olay var. Azərbaycan Qırmızı Aypara Cəmiyyəti Qarabağ ermənilərinə - Xankəndinə humanitar yardım göndərir. Ağdam-Xankəndi yolu ilə. Bəlkə də oradaı separatçılar bu yardımın əhaliyə çatdırılmasına imkan verməyəcək. Elə olsa, əlbəttə, bir daha sübut olunacaq ki, Qarabağda ermənilərin “acından qırılması” haqqında söylənənlər spekulyasiyadır. Yalandır. Amma yaxşı olar ki, bu qədər ağılsızlıq etməsinlər; Azərbaycanın öz ərazisində yaşayan əhalisinə dəstəyinə mane olmasınlar. Onsuz da gec-tez o əhali, o ərazi Azərbaycanın suverenliyini qəbul edəcək. Başqa yolu da yoxdur. Azərbaycanın indiki halda Xankəndinə humanitar yardım karvanı göndərməsində pis nə var?! Ermənistanın Laçında – Sərhəd-buraxılış məntəqəsi önündə göstərdiyi “humanitar yardım” şousunu bilirsiniz. Hələ Fransa da belə bir təxribat hazırlayır. Buna qarşılıq, heç qarşılıq da o yana, Azərbaycan öz ərazisindəki insanları ac qoymaq istəməz. İstəmir də. Bütün mümkün, zəruri və sivil yollarla o ərazini, o əhalini öz suverenliyi altına qaytarmağa çalışır dövlət. Burda qınamalı, qulp qoymalı nə var ki, bəziləri bunu edir?! “Özümüz acından ölürük, erməniyə niyə yardım edirik?” kimi bir rotorika başladıblar. Bunlar yanlış yanaşmalardır. Azərbaycan bunu etməlidir və edəcək. Azərbaycan əhalisinin bir hissəsinin separatçı-terrorçi bir dəstənin əlində qalmasına seyrçi qala bilməz, qalmır da. Bu problemi sonuna qədər həll etmək üçün əlindən gələn hər şeyi edir. Bunu alqışlamaq kimlərəsə ağır gəlirsə, heç olmasa, dəstəkləmək olar Ya da, sadəcə, susmaq. Ancaq biz düşünürük ki, belə fikirləri Azərbaycan cəmiyyətində bizə düşmən, bədxah tərəflərin xüsusi xidmət orqanları da yayır, bəzi insanlarımız da onların toruna düşür, bu spekulyasiyaları tirajlayır.. Söhbətin hansı bədxahlardan getdiyini detallı yazmağa ehtiyac varmı?!

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »