Türkiyənin NATO-ya üzv olmaq üçün təsdiqini gözləyən İsveç danışıqlar prosesi zamanı Ankaranın onlara çatdırdığı 10 bəndlik tələbləri yerinə yetirməyə başlayıb.
Bizimyol.info xəbər verir ki, bu kontekstdə İsveç son vaxtlar antiterror qanunlarını sərtləşdirib və terror təşkilatlarına qoşulmağın cinayət olduğuna qərar verib.
Terrorla mübarizə qanununda dəyişiklik edən ölkə Türkiyənin terror təşkilatı PKK, FETÖ və solçu təşkilatlara bağlı olduqlarını əsas gətirərək tələb etdiyi 70-dən çox terrorçunun ekstradisiyasına müqavimət göstərir.
Ekstradisiya tələbləri Türkiyənin İsveçin NATO üzvlüyünün təsdiqi üçün gətirdiyi əsas şərtlərdən biridir. Lakin bu prosesdə İsveçin ekstradisiya istiqamətində atdığı addımlar yetərli olmayıb. Danışıqlar başlayandan İsveç yalnız 4 cinayətkarı ekstradisiya edib.
Onlardan biri də Türkiyədə “terror təşkilatına üzv olmaq” ittihamı ilə qəti həbs cəzası alan Mahmut Tatdır. Məlum olub ki, digər üç nəfərdən Mehmet Kökülü narkotik qaçaqmalçılığı, Okan Kale və Ömer Kamil Altın isə fırıldaqçılıqdan mühakimə olunub. Əslində Türkiyənin əsas tələbi daha çox teror təşkilatları üzvlərinin eksrtadisiyasının həyata keçirilməsidir.
İsveçdə ekstradisiya tələblərinə hökumət qərar verir, lakin Ali Məhkəmə mənfi rəy verərsə, deportasiya həyata keçirilə bilməz. Bundan başqa, ötən aylarda NATO-da keçirilən görüşlərdən sonra İsveç və Türkiyə arasında təhlükəsizlik sahəsində yeni əməkdaşlıq mexanizminin qurulacağı və alyans daxilində “Terrorla Mübarizə Xüsusi Koordinatoru”nun təyin ediləcəyi açıqlanıb. Terrorla Mübarizə üzrə Xüsusi Koordinatorun İsveçin NATO-ya üzvlüyü parlamentin gündəliyinə gəlməmişdən əvvəl təyin ediləcəyi gözlənilir.
Qadir, Bizimyol.info






