İnsanların inanclarına toxunmaq olmaz. Çünki hər kəs öz inancına bağlı olaraq, həyatını yaşayır. Amma bəzən elə inanclar olur ki, məətəl qalırsan, düşünürsən ki, “buna niyə inansınlar ki?”...
Bu yerlərdən biri də Buzovnada yerləşən “Şüşə piri”dir. Deyilənə görə, pirin qədim tarixi var. II-III əsrdən qalma alban abidəsidir. Bəziləri deyir ki, bura hamam olub. Bir başqası da bildirir ki, ərazidə əvvəllər "Tərsa piri" olub. Qısaca, pirin tarixi haqqında yerli-yataqlı bilən yoxdur. Göründüyü kimi bura gələn, ümid bağlayan insanların sayı kifayət qədər çoxdur. Bunu pirin uçulub-sökülmüş divarlarına vurulan corab, əlcək və digər əski parçalarına baxdıqda görmək mümkün olur. Adına pir deyilən bu abidə demək olar ki, uçulub-sökülüb. Bir uçuq-sökük divarı qalıb.
Pirin yerləşdiyi ərazi yaxınlıqda çıldaqla məşğul olan şəxsə aiddir. Yəni sənədi ilə, sübutu ilə ona aiddir. Amma kiminsə ürəyindən gəlmir ki, bu ərazini söküb, abadlaşdırsın. Çünki insanların bu pirə xüsusi inancı var. Və bu inanc ərazi sahiblərini hörmət etməyə məcbur edir.
Pirə Azərbaycanın bütün bölgələrindən ziyarətlər olur. Deyilənə görə, adətən qorxan insanları bura üz tutur. Qorxunu almaq üçün həmin şəxsin başına şüşə çevrilir və pirin divarına çırpılaraq sındırılır. Və bununla da həmin şəxsin qorxusu çıxmış olur.
Tarixi barədə konkret məlumatlar mövcud olmasa da, Buzovnada bir çox insanların inandığı bir pir var - “Şüşə piri”...
İradə Cəlil, Bizimyol.info






