Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zibilatma mədəniyyəti: Niyə ondan məhrumuq? - Video
Zibilatma mədəniyyəti: Niyə ondan məhrumuq? - Video
Evlərimizin yaxınlığındakı zibil yeşiklərinin vəziyyəti, onların dolduruluş tərzi həm məhəlləmizin sakinlərinin, həm də elə yaşadığımız şəhərin bir növ mədəniyyət göstəricisidir. Məsələn, bir məhəlləyə daxil olub, orada səliqə ilə düzülmüş və ətrafı təmiz olan zibil yeşiklərini görəndə, ağlımızda yaranan ilk təsəvvür belə olur ki, bu məhəllədə, ərazidə yaşayan insanlar həm səliqəlidirlər, həm də öz sağlamlıqlarına, ətraf-mühitə qarşı həssasdırlar. Yəni küçələrdəki o zibil yeşikləri bir qədər kobud səslənsə də, "bizim aynamızdır".

Əlindəki zibili yeşiyə lap uzaqdan basketbol topu kimi tullamayan, yeşiyə yaxınlaşıb onu astaca qoyan şəxs elə kənardan bu görüntüsü ilə öz mədəniyyətini büruzə verə bilir. Ən azından, düşünür ki, o zibil yeşiyinin içində hansısa bir canlı ola bilər və xəsarət alar. Əlindəki tullantını atarkən bunu düşünən və ona görə davrananlar nə qədərdir, deyə bilmərəm, ancaq onu bilirəm ki, zibil atmağın da bir mədəniyyəti, ölçüsü, yazılmasa da qayda-qanunu var. Axı insanıq, davranışlarımızı da gərək, o ada uyğun tənzimləməyi bacaraq.

Onu da qeyd edim ki, qazancı bu zibil yeşiklərinin içindəki boş içki qablarından, atılmış dəmir ləvazimatlardan çıxanlar var. Hansı ki, bir çoxlarımız, xüsusilə də axşamlar bu yeşikləri qurdalayan, orada nəsə axtaran adamların şahidi oluruq. Əgər zibil yeşikləri gecə vaxtına qədər boşaldılmasa, həmin şəxslər o tullantıların hərəsini bir tərəfə tullayır, ətrafı bərbad günə qoyurlar - cəmi bir neçə enerji içkisinin boş qabına və ya bir neçə kq dəmirə görə. Nəticədə bütöv məhəlləni zibilliyə döndərib, əl çəkirlər.

Səhər olanda da təmizlik işçiləri səliqə ilə düzüb getdikləri yeşikləri darmadağın olmuş, tullantıları dörd bir tərəfə səpələnmiş halda tapırlar. Yayın istisində, qışın soyuğunda bu işçilər aldığı minimum əməkhaqqı ilə kimlərinsə dağıtdığı, tulamazladığı zibilləri toplamaq məcburiyyətində qalırlar. Yeşiklərin yanından keçəndə burunlarını tutub, sellofanı on metr uzaqdan tulamazlayan hər kəs dərk etməlidir ki, buranı təmizləyən də özü kimi bir insandır və bu üfunətli qoxunu almaqdan həzz duymur.

QEYD: Videoda gördüyünüz mənzərə isə daxilindəki düşüncəsizlik, qabiliyyətsizlik zibilliyindən qurtula bilməyənlərin "əl qabiliyyətidir". Tullantını yeşiyə yaxınlaşaraq, içinə atın. Qorxmayın, zibil yeşikləri adam (!) yemir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »