Alimlər qlobal istiləşmənin qarşısını almağın yolunu kəşf ediblər. Qlobal istiləşmənin təsirləri ilə mübarizə aparmaq üçün alimlər diqqətəlayiq bir təklif irəli sürüblər: Yer səthinin 2 faizini ağ rəngə boyamaq. Bu təklif iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün qeyri-adi bir həll kimi görünür. Yəni belə bir şey mümkündürmü?
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, Kaliforniya Universitetinin professoru Ceremi Mundey qlobal istiləşmənin yaratdığı iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün günəş şüalarını əks etdirən səthlərin artırılmasını təklif edib. Bu məqsədlə o, dünyanın müəyyən bölgələrini ağ rəngə boyamaq ideyasını irəli sürüb. Ağ səthlər günəş şüalarını daha çox əks etdirir, qara və ya tünd səthlər isə istiliyi daha çox qəbul edərək atmosferdəki temperaturu artırır. Son araşdırmalara görə, yer səthinin yalnız 2 faizinin ağ rəngə boyanması günəş şüalarının əksini artırmaqla qlobal istiləşməni dayandıra bilər.
Boya Yerin bütün səthinə bərabər paylanmalıdır. Dünyanın əksər hissəsini okeanlar əhatə edir. Səthin yalnız 1 faizi üçün belə orta hesabla beş yüz milyard litr boya istifadə etmək lazımdır. Alimlər çox utopik səslənən bu təklifin yalnız müvəqqəti həll yolu olduğunu bildirirlər. Bununla belə, qlobal istiləşmənin təsirləri ilə mübarizə aparmaq üçün çox sürətli və effektiv həll yolu kimi də görülür. Ağ rəngləmə üsulu ilə günəş şüalarının əks olunması artacağı üçün yer üzündəki temperatur artımı da idarə oluna bilər.
Təkliflə bağlı müxtəlif tənqidlər də var. Bu cür müdaxilələrdən əvvəl ətraf mühitə təsirlər və icra xərcləri qiymətləndirilməlidir. Bundan əlavə, təbii səthlərin rənglənməsi və ya örtülməsi təbii ekosistemlərə potensial zərər verə bilər və biomüxtəlifliyə mənfi təsir göstərə bilər. Nəticədə, qlobal istiləşmənin təsirlərini yumşaltmaq üçün bu qeyri-adi təklif son vaxtlar alimlər arasında mübahisələrə səbəb olub. Ağartma metodunun iqlim dəyişikliyi ilə mübarizədə nə dərəcədə effektiv ola biləcəyi və onun potensial riskləri diqqətlə qiymətləndirilməlidir. Yenə də bu cür innovativ həllər qlobal istiləşmə haqqında ictimaiyyətin məlumatlılığını artıra və həll yönümlü müzakirələri təşviq edə bilər.
Ercan ÇelikTürk ekoloq Ercan Çelik mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, təbii səthlərin rənglənməsi təbiətə zərər verə bilər. Bu isə başqa bir problemin yaranmasına yol aça bilər. Yəni təklif edildiyi kimi dünyanın ağ rəngə boyanması heç də ürəkaçan təklif deyil...
İlahin, Bizimyol.info






