Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarına dair statistik təhlili vəziyyətin heç yaxşı olmadığını göstərir. Bunun hətta bədbinliyə ciddi əsas yaratdığını demək olar. Təsəvvür edin, qəbul imtahanlarında iştirak edənlərin 23 faizi (təxminən 17 min nəfər) ən azı bir fəndən 0 bal toplayıb. Abituriyentlərin 16 faizi 100 baldan aşağı nəticə göstərib. 200 bala çatmayanların faizi 43-dür.
Bizimyol.info xəbər verir ki, abituriyentlərin böyük hissəsi mümkün 700 balın yarısını əldə edə bilməyib. Təhsilini davam etdirmək istəyənlərin təxminən 75 faizindən söhbət gedir.
Rəqəmlər durumun acınacaqlı olmasını aşkar ortaya qoyur. Ənənəvi təhsil fiasko noqtəsinə çatıb. Liseylər orta məktəbləri aşkar üstələyir. Liseylərin nəticələri 36 faiz daha yüksəkdir. Orta məktəblərdən yetərincə əlaçılar çıxır. Amma qiymətləndirmənin gerçək durumu əks etdirmədiyi ortadadır. Əlaçıların 907-si 200 balı yığa bilməyib. Onların 149-u heç 100 bal həddinə çatmağı da bacarmayıb.
Coğrafiya fənni ilə bağlı vəziyyət faciəvidir. Məzunlar qəbul imtahanlarında bu fənlə bağlı çox böyük çətinlik yaşayırlar. Halbuki orta məktəb qiymətləri aşağı olmur. Açıq-aşkar görünür ki, məktəblərdə coğrafiya fənni yaxşı tədris olunmur, sadəcə, yüksək qiymətlə qüsurlar ört-basdır edilir.
Riyaziyyatla bağlı vəziyyət də yaxşı deyil. İkinci qrup üzrə imtahan verənlərin 22 faizi bu fəndən 0 bal alıb. Kimya ilə bağlı da bənzər durumdur. Birinci qrupda abituriyentlərin 15, dördüncü qrupda 9 faizi kimya sualları qarşısında tamamilə aciz qalıb.
Statistik təhlil onu göstərir ki, təhsildə inqilabi dəyişikliklərə ehtiyac var. Belə davam edə bilməz. Müəllimlərin qiymətləndirilməsi ilə yanaşı, şagirdlərin gerçək səviyyəsi də diqqətdən qaçmamalıdır. Məktəbli təhsil müəssisəsində abituriyent imtahanlarına hazır ola biləcək dərəcədə tədris görməlidir. Repetitorların ümidinə qalmaqla nəyəsə nail olmaq mümkün deyil. Məktəblərdə bütün səviyyələrdə rüşvət yığışdırılmalıdır, bununla bağlı sərt cəzalar tətbiq olunmalıdır. Təhsil sağlam cəmiyyətin formalaşması üçün ən vacib amildir. Buna barmaqrası yanaşmaq olmaz.
Aytən, Bizimyol.info






