Türkiyə hələ də fevraldakı zəlzələnin ağrısını yaşayır. Dağıntılar altında qalan vətəndaşların heç də hamısının cəsədi üzə çıxarılmayıb. Zəlzələ zonasında normal həyatın bərpası illərlə sürəcək. Üstəlik, yeni təbii fəlakət qorxusu insanların narahatlığını pozur. Mütəxəssislər daha çox İstanbulu işarə edir.
Bizimyol.info xəbər verir ki, Türkiyənin ən çox əhali yaşayan şəhərində zəlzələ təhlükəsi çox olan yerlərdə kirayə evlər boş qalıb. Xüsusilə Fatihdə, Zeytinburnuda, Bakırköydə, Floryada, Küçükçekmecedə, Avcılarda, Beylikdüzüdə, Büyükçekmecedə və Silivridə belə mənzərə yaranıb. Binaların pəncərələrində, eyvanlarında çoxsaylı mənzil kirayəsi elanları görmək olur. Amma daşınmaz əmlak agentləri deyir ki, yaxına gələn yoxdur. İstanbulda yaşayanlar zəlzələ ehtimalına çox böyük əhəmiyyət verirlər.
Xüsusilə köhnə binalara maraq azalıb. Yəni 30-40 il əvvəl tikilmiş yaşayış komplekslərinə üz tutan yoxdur. Jurnalistlərlə söhbətləşən daşınmaz əmlak agentləri tamamilə boş qalmış binaların olduğunu deyirlər. Qiymətlərdə də təxminən 10-15 faiz ucuzlaşma var.
Dəniz kənarına yaxın ərazilərdə panika müşahidə edilir. Sakinlər zəlzələ olacağından çox qorxur. Hətta mənzilini kirayə verməyib özü yaşayanlar böyük narahatlıq ifadə edir. Bəzi binaların üzərinə riskli olması da yazılıb. Böyük ehtimalla bunu sakinlərdən biri edib. Görünür, aldananların çoxalmasını istəmirlər.
Riskli hesab olunmayan binalarda isə başqa mənzərə gözə dəyir. Əksinə, həmin yerlərdə qiymət artımından danışmaq olar. Bəzi mənzillərin qiyməti hətta iki dəfə yüksəlib.
Tikilməkdə olan binalara nəzarət güclənib. Həmin yaşayış komplekslərinin zəlzələ standartlarına tam cavab veriləcəyi gözlənilir. Buna görə də müştəri çoxluğu diqqət çəkir. Yəni ev almaq istəyənlər gözünü yeni binalara dikib.
Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ ölkənin mənzil bazarında qarışıqlıq yaradıb. İndiyə qədər populyar olan istiqamətlər birdən-birə əhəmiyyətsiz yerə çevrilib. Zəlzələdə həyatını itirənlərin sayı 50 min nəfərə çatıb. Evi dağılanlar hələ də uyğun mənzillərdə tam yerləşə bilməyib. Çadırlarda yaşayanlar var.
Aytən, Bizimyol.info






