Məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur.
"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.
DİM sədri diqqətə çatdırıb ki, şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur:
"Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır".
Məleykə Abbaszadə eyni zamanda əlavə edib:
"Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır".
O, həmçinin imtahan suallarının proqramdan kənar olması iddialarına da cavab verib:
"Bizdə sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb. Ümumiyyətlə imtahan modelimiz tamamilə açıq modeldir. Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün "ictimai ekspertiza" başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, "bu sual dərslikdə yoxdur". "Proqramdan kənardır" yox, "məktəbdə keçməmişik", "proqramda var, amma keçməmişik" kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Nəticə etibarilə, dərslikdən kənar və ya proqramdan kənar sualın olması ilə bağlı bizdə hər hansı hal qeydə alınmayıb və ümid edirik ki, gələcəkdə də olmayacaq".






