Hər həftə toplantıların keçirilməsi nəzərdə tutulur, iştirakçılar partiya üzvlərinin yerlərdə gördüyü işləri qiymətləndirəcəklər.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Bildirilir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası seçkilər öncəsi qiymətləndirmə toplantıları keçirəcək və nəticələrini lideri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğana məlumat verəcək.
“Məlum olub ki, hakim partiyanın Seçki Aparatı seçkidən əvvəl hər çərşənbə günü yerlərdə görülən işləri müzakirə etmək üçün qiymətləndirmə toplantıları keçirəcək və görüşün nəticələri vaxtaşırı prezident Ərdoğana təqdim olunacaq”, - deyə nəşr yazır.
Qəzet yazır ki, Türkiyə prezidenti “hələ seçkilərlə bağlı yeni açıqlama verməsə də, digər tərəfdən onların mayın 14-də baş tutacağına inam var”.
Məlumat üçün bildirək ki, daha əvvəl Türkiyə mətbuatı ölkədə ümumi seçkilərin altı aydan bir ilə təxirə salına biləcəyini, YSK-nın müvafiq təşəbbüslə çıxış edəcəyini yazıb.
Xatırladaq ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Türkiyədə ümumi (həm prezident, həm də parlament) seçkilərin iyunun 18-nə, sonra isə mayın 14-nə təyin edildiyini bildirib.
Bundan əlavə, Türkiyə lideri bildirib ki, hökumət parlamentə ikinci tarixin qəbulunu təklif edəcək, imtina edildiyi təqdirdə isə prezidentin səlahiyyətlərindən istifadə edəcək - bunlar parlamenti buraxmaq və fərmandan 60 gün sonra növbədənkənar seçkilər təyin etmək üçün kifayətdir.
Qeyd edək ki, Ərdoğan Respublika İttifaqından namizəd olacaq. Altı müxalifət partiyasının koalisiyası hələlik namizədini açıqlamayıb.
Leyla Mirzə






