Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə-İran xəttində sərhəd divarı böhranı: Tehran narahatdır
Türkiyə-İran xəttində sərhəd divarı böhranı: Tehran narahatdır

Qeyri-qanuni keçidlərin qarşısını almaq üçün bu yaxınlarda Türkiyənin İran sərhədində inşa etdiyi bir kilometr uzunluğundakı beton divar Tehranda reaksiyalara səbəb olub.

Bizimyol.info xəbər verir ki, İranın ingilisdilli Press TV kanalının verdiyi xəbərə görə, daxili işlər nazirinin müavini Məcid Mir Əhmədi təhlükəsizlik baxımından Türkiyənin sərhəd divarı tikməsinə hörmətlə yanaşdıqlarını və torpaqlara hörmət edildiyi müddətcə buna etiraz etməyəcəklərini bildirib. Lakin Əhmədi açıqlaması zamanı əlavə edib ki, Türkiyə tərəfindən inşa edilən divar İranda ciddi ekoloji problemlər yaradır.

"Türkiyənin sərhəd divarı çaylarımıza və təbiətimizə mənfi təsir göstərir" deyən iranlı nazir müavini bu barədə Türkiyəyə məlumat verdiklərini və Ankaradan müsbət addımlar gözlədiklərini bildirib.

Qeyd edək ki, Ankara bu divarın terror təşkilatı PKK və sərhəddəki qeyri-qanuni keçidlərə qarşı təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu bildirir.

Onu da əlavə edək ki, İran daha əvvəl sərhəd divarının Türkiyədən İrana su axınının qarşısını aldığını və çayların quruması təhlükəsini artırdığını bildirmişdi. Bundan əlavə, İran hökuməti bu məsələ ilə bağlı Türkiyəyə çoxlu çağırışlar edib və iki ölkə arasında danışıqlar aparılıb.

Hətta may ayında Tehran ölkədə baş verən qum və toz fırtınalarında Türkiyəni günahlandırıb. İran rəsmiləri ölkənin qərb və cənub bölgələrində qum fırtınalarının yayılmasının Türkiyənin Araz çayı sərhədində inşa etdiyi bəndlər və divarlarla bağlı olduğunu iddia edirlər.

Xatırladaq ki, su böhranı təkcə Türkiyə ilə İran arasında deyil, İraqla da münasibətlərdə problemlər yaradır. Su qıtlığından əziyyət çəkən və son vaxtlar qum fırtınaları nəticəsində minlərlə insanın xəstəxanalara yerləşdirildiyi İraq Türkiyədən ölkəyə axan Fərat və Dəclə çaylarında suyun səviyyəsinin artırılmasını tələb edib.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »