ABŞ prezidenti Co Bayden Konqres liderlərindən Türkiyənin "F-16" döyüş təyyarələri donanması üçün qabaqcıl silah və digər avadanlıqların satışına icazə vermələrini istəyib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat verib.
Bildirilir ki, Ankaranın Ukrayna müharibəsindəki rolu Vaşinqtonla köhnəlmiş əlaqələrin bərpasına kömək edə bilər. Eyni zamanda, Vaşinqtonun dəyişən mövqeyi gələcəkdə Türkiyəyə "F-16" döyüş təyyarələri satmağa imkan verə bilər. ABŞ rəsmiləri Ankaraya döyüş təyyarələri satmaqla bağlı Konqres üzvləri ilə təmaslarını davam etdirir. Bayden administrasiyasının Konqres liderlərinə qeyri-rəsmi müraciət etdiyi və Türkiyənin "F-16" döyüş təyyarələrinin dəyişdirilməsi üçün qabaqcıl silah və avadanlıqların satışına icazə tələb etdiyi bildirilib.

Qeyd olunur ki, Türkiyənin daxil ediləcəyi silah satışı layihəsinə "F-16"ları üçün raketlər, radar və elektron sistemlər daxildir. Mövzu ilə bağlı adı açıqlanmayan bir səlahiyyətlinin verdiyi məlumata görə, silah satışı müqaviləsində "AIM-9 Sidewinder" raketləri, "AIM-120 Amraam" raketləri, o cümlədən radar və digər avadanlıqların satışının Türkiyəyə 400 milyon dollardan çox qiymətə başa gələcəyi gözlənilir.
Qeyd edilib ki, ABŞ administrasiyası Türkiyəyə raket satışı tələbi ilə eyni vaxtda Ankaraya 40 ədəd "F-16" qırıcı təyyarə satışının razılığını almağa çalışır. Konqresdən müsbət cavab alınarsa, Bayden administrasiyasının Konqresdən raketin satışı üçün rəsmi icazə tələb edəcəyi gözlənilir.
Qeyd edək ki, daha əvvəl Türkiyə "F-35" qırıcıları almaq üçün Amerikaya 15 milyard dollar ilkin ödəniş etmişdi. Lakin münasibətlərdə yaranan soyuqluq Ağ Evin Türkiyəni bu müqavilədən çıxarmasına səbəb oldu. Vaşinqton bunu "F-16"larla əvz etməyi təklif etdi. Ankara bu təkliflə də razılaşsa da, sonradan Türkiyə müqavilədən çıxarıldı.
Qadir, Bizimyol.info






