Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stalin: Kütləvi terror. Həqiqət və Miflər
Birinci hissə

"Bu bir sirr içində gizlənmiş tapmacadır". Bu sözləri 1939-cu ildə radio ilə çıxışında Böyük Britaniyanın baş naziri Uniston Çörçill Stalin Rusiyası haqqında demişdi.

Əlbəttə, həmin dövrdə tam qapalı rejim şəraitində totalitar avtoritarizmin hökm sürdüyü SSRİ-nin digər ölkələr üçün sirli bir tapmaca olması tam normal hal idi. Dünya üçün tapmaca olan həmin sistemdə hələ çoxlarının təsəvvürünə gələ bilməyən bir ictimai - siyasi, iqtisadi və hərbi "quruculuq" işləri aparılırdı. Böyük bir coğrafi məkanda tarixin bu böyük eksprimenti ilə yanaşı eyni zamanda, digər bir eksprimenti də keçirilirdi. Bu, insanlara qarşı total terror eksprimenti idi.

Məlumdur ki, hələ hakimiyyəti ələ keçirməzdən əvvəldə terror, siyasi qətl, qarət və oğurluq bolşeviklərin əsas mübarizə metdoları olub. 1917-ci ilin oktyabrında (7 noyabr) Volodya Ulyanovun (Lenin) rəhbərliyi ilə hakimiyyəti ələ keçirən bolşeviklər kütləvi siyasi repressiya və terroru dövlət siyasəti səviyyəsinə gətirdilər.

V.İ. Leninin və Yakov Sverdlovun qərarı ilə 1918-ci il iyulun 17-də Yekaterinburqda ev dustaqlığı şəraitində saxlanılan çar II Nikolay və ailə üzvləri qətlə yetirlir. Lenin bu qərarını Sverdlovdan eşidən "Qırmızı terror"un yardıcısı hesab edilən Leyba Bronşteyn (Trotski) belə təəcübünü gizlədə bilməmişdi. Hakimiyyətin ilk illərində ciddi sosial dayaqlara malik olmayan bolşeviklər hər an hakimiyyəti itirmək qorxusu ilə yaşayırdılar.

1918-ci il martın 3-də Leninin təkidi ilə Almaniya ilə Brest - Litovsk sülh müqaviləsini imzalayan bolşeviklər faktiki olaraq geniş ərazilərdən Almaniyanın xeyrinə imtina etmiş oldular. Bu isə Rusiyada əhali arasında Lenin başda olmaqla bolşeviklərin Almaniyanın casusu olmaları barədə fikirləri daha da möhkəmləndirmişdi. Heç də təsadüfi deyil ki, məhz bu müqavilədən dərhal sonra bolşeviklər paytaxtı "İnqilabın beşiyi" hesab edilən Petroqraddan Moskvaya köçürdülər.

Daim hakimiyyəti itirmək qorxusu ilə yaşayan bolşeviklər siyasi rəqiblərinə qarşı kütləvi terror və həbslərə başlayır. Lenin partiyanın yerli orqanlarına göndərdiyi məktub və göstərişlərində daha çox insanların güllələnməsinin vacib olduğunu bildirirdi. O, həbs edilənlərin insanların gözü qarşısında dar ağacından asılması və ya güllələnməsi, onların adlarının qəzetlərdə çap edilməsi tapşırıqlarını verirdi. Əsas məqsəd isə, insanlar arasında terror vassitəsilə kütləvi qorxu hissinin yaradılmasına nail olmaq idi. Kütləvi güllələnmələr o dərəcədə geniş miqyas almışdı ki, MK Leninin ölümündən dərhal sonra yerli partiya komitələrinə və OQPU-ya MK icazəsi olmadan yerlərdə güllələnmənin qadağan edilməsi haqqında qərar qəbul etmişdi.

Bolşeviklərin iqtisadi sahədə ilk addımları bütün zavod, fabrik, bank, şəxsi torpaqlar, orta və kiçik müəssisələrin zorla milliləşdirilməsi oldu. Sahibkarların əksəriyyəti isə "İnqliabın düşmənləri" elan edilərək güllələnirdi. 1918-ci ilin payızına bolşeviklər 9642 müəssisəni milliləşdirmişdilər. 1918-ci il dekabrın 10-da isə, "Məcburi əmək mükəlləfiyyəti" haqqında qanun qəbul edilir. Həmin qanuna görə, əmək qabiliyyətinə malik olan bütün insanlar məcburi şəkildə zavod və fabriklərdə işləməyə məcbur edilirdi. İşdən yayınma isə, əksər hallarda həbs və ya güllələnmə ilə nəticələnirdi. Heç bir insanın sərbəst şəkildə istədiyi peşə ilə məşgul olmaq hüququ yox idi. İnsanların hansı peşə ilə məşgul olmaları və harada işləmələrini bolşeviklər müəyyənləşdirirdi.

Kütləvi terrorla müşahidə olunan və 1918 - 1921 ci illəri əhatə edən bu dövr tarixə "Hərbi kommunizm" adı ilə daxil olub. Əslində isə, mahiyyət etibarı ilə həmin dövr "Quldarlığa qayıdış" dövrü hesab edilə bilər. Nəticədə, iqtisadi böhran hiperinfilyasiya həddinə çatmış, ən zəruri ərzaq məhsullarının kəskin qıtlığı yaranmışdı. Şəhər və kəndlərdə yaranmış vəziyyətə etiraz edənlər isə, "Sinfi düşmən" elan edilərək güllələnirdi.

Vəziyyət o həddə çatdı ki, 1921-ci il martın 1-də Kronştadtda matros və əsgərlər bolşevik üsul - idarəsinə qarşı qiyam qaldırdılar. Əsas şüarı "Kommunistlərsiz Sovetlər uğrunda" olan matros və əsgərlərin tələbləri bolşeviklərin hakimiyyətdən getməsi, bütün siyasi məhbusların həbsdən azad edilməsi, partiyaların fəaliyyətinin bərpası, söz və siyasi azadlıqların və bazar iqtisadiyyatının bərpa edilməsi idi. Məhz bu qiyamdan qorxuya düşən bolşeviklər 1921-ci il martın 14-də partiyanın X-cu qurultayında Yeni İqtisadi Siyasət (NEP) haqqında qərar qəbul edirlər. Doğurdan da, NEP tezliklə öz müsbət nəticələrini göstərməyə başladı. Belə ki, ərzaq qıtlığı aradan qalxır, yüngül sənaye inkişaf etməyə başlayır. NEP kapital münasibətlərinin sosializm sistemi üzərində ilk təbii qələbəsi idi.

Kütləvi terrora təkan verən digər əsas faktor partiya daxilində hakimiyyət uğrunda gedən mübarizə idi. Xüsusilə, partiyanın Mərkəzi Kommitəsi və Politbüro adlanan orqanında gedən partiyadaxili mübarizə istər - istəməz total xarakter alırdı. İlk Politbüro 1917-ci il oktyabr çevrilişi ərəfəsində yaradılmışdı. Əsas məqsəd isə, fövqəladə şəraitdə çevik qərarların qəbul edilməsi idi.

Qeyri-rəsmi orqan olan Politbüro 1922-ci ilin martında partiyanın XI-ci qurultayında rəsmiləşdirildi. Qurltayda 7 nəfərdən ibarət Politbüro üzvü seçilir. İlk Politbüro üzvləri aşağıdakı şəxslər idi:

Vladimir İliç Ulyanov (Lenin), Qriqori Yevseyevic Radomıslski (Zinovyev), Leyba Davıdovic Bronşteyn (Trotski), Lev Barisovic Rozenfeld (Kamenev), İosif Vissarionovic Cuqaşvili (Koba), Mixail Pavlovic Yefremov (Tomski) və Aleksey İvanovic Rıkov.

Bir neçə aydan sonra, Leninin təşəbbüsü ilə partiyanın Mərkəzi Komitəsinin Baş katibi vəzifəsi təsis edilir. Baş katibin əsas vəzifəsi partiyada kadırlar məsələsi, MK və Politbüronun iclaslarının işini təşkil etmək idi. Həmin dövrdə partiya daxilində Zinovyevlə Trotski arasında post-Lenin döründə liderlik uğrunda rəqabət gedirdi. Təbii ki, Zinovyevlə müqayisədə inqilabın liderlərindən biri hesab edilən Trotskinin nüfuzu daha geniş idi. Trotski ilə yaxın qohum olmasına baxmayaraq, Kamenev Zinovyevi müdafiə edirdi. (Kamenev Trotskinin bacısının əri idi.) Yeni təsis eilmiş Baş katib postuna kompromis variant kimi ilk baxışda heç bir ciddi siyasi iddiaları olmayan Stalin (Koba) təyin edilir. Təbii ki, fürsətdən istifadə edən Stalin yalnız bir il ərzində partiyanın mərkəzi aparatına və yerlərdə əhmiyyətli vəzifələrə özünün yaxın admalarını yerləşdirir. Belə ki, məhz bir il ərzində Stalin vəzifəsindən istifadə edərək partiya strukturlarında yeni insanların əhəmiyyətli vəzifələrə təyin edilməsi haqında 4705 əmr və sərəncamlar vermişdi.

Burada, ilk baxışda heç bir ciddi əhəmiyyət daşımayan bir məsələni də nəzərdən qaçırmaq olmaz. Belə ki, həmin Politbüro üzvləri arasında Stalin yeganə şəxs idi ki, heç bir ciddi təhsilə malik deyildi. Məhz bu faktor sonralar partiyadaxili mübarizədə və kütləvi repressiyalarda ciddi psixoloji faktorlardan biri olacaq.

Beləliklə, 1924-cü il yanvarın 21-də "Qırmızı imperator" Lenin vəfat edir. Politbüroda boş qalmış yerə Leninin ən yaxın silahdaşlarından olan Nikolay İvanoviç Buxarin seçilir. Leninin vəfatı ilə partiyadaxili mübarizə daha kəskin xarakter alır. Trotski ilə mübarizədə "Zinovyev, Kamenev, Stalin üçlüyü" yaranır.

Trotskiyə qarşı mübarizədə Zinovyev və Kamenevin arxasında gizlənən Stalin öz tərəfdarlarını partiyada yüksək vəzifələrə təyin etmək üçün partiya aparatında yeni strukturlar yaratmaqla faktiki olaraq partiyada tam nəzarəti ələ alır. Xüsusilə də, yerli partiya kommitələrinə katiblərin təyin edilməsinə böyük əhəmiyyət verirdi. Çünki, Stalin çox gözəl başa düşürdü ki, yerlərdən qurultaya nümayəndələr partiya katiblərinin iradəsi əsasında seçilir.

Trotski ilə mübarizədə Zinovyev - Kamenev cütlüyündən istifadə edən Stalin tezliklə, Zinovyevə qarşı Buxarin - Rıkov - Tomski qruplaşmasından istifadə etməyə başlayır. Nəticədə, 1926-cı ildə Stalin əsas rəqibləri olan Trotski, Zinovyev və Kamenevi Politbürodan uzaqlaşdırmağa nail olur. Onların əvəzinə isə, Stalinin göstəriş və tapşırıqlarını müzakirəsiz icra edən Vyaçeslav Mixaylovic Skryabin (Molotov), Mixail İvanovic Kalinin və Kliment Yefremovic Voroşilov seçilirlər.

1927-ci il dekabrında partiyanın XV-ci qurultayında SSRİ də kollektivləşdirmə haqqında qərar qəbul edilir. Həmin qərar əslində, bolşevik Stalin tərəfindən hələ 1861-ci ildə çar Rusiyasında ləğv edilmiş təhkimçilik hüququnun yenidən bərpası idi. Sadəcə olraq fərq onda idi ki, bu dəfə mülkədarları bolşeviklər əvəz edirdilər. Kəndlərdə fərdi təsərrüfatlar ləğv edilir, kəndlilərin mal - qaraları və taxıl ehtiyatları zorla əllərindən alınır, özləri isə məcburən kolxoza üzv edilirdilər. Etiraz edən və müqavimət göstərən kəndlilər isə yerlərindəcə güllələnir və ya ailəsi ilə birgə sürgün edilirdi. Buna cavab olaraq isə, bir çox quberniyalarda bolşeviklərə qarşı silahlı kəndli üsyanları baş qaldırır. Məhz, kollektivləşdirmə siyasəti kəndlərdə repressiyaların yeni dalğasına təkan verir.

Bu dəfə isə, Stalinin avantürasına qarşı Buxarin və Rıkov çıxış edirlər. Stalinin aqrar təsərrüfatı məhv etmək hesabına sənayeləşdirmə siyasəti ciddi fəlakətlərlə müşahidə olunur. Belə ki, həmin siyasət nəticəsində ölkədə kütləvi aclıq yaranır. Aclıq o həddə gəlib çatır ki, insanlar arasında hannibalizm halları sürətlə yayılır. Hətda qəbirlərin qazılaraq ölmüş insanların ətlərinin yeyilməsi hadisələri qeydə alınmışdı. Bazarlarda belə pörtədilmiş insan ətlərinin satılması halları geniş yayılmışdı. Aclığın daha şiddətli olduğu əyalətlər qırmızı ordu hissələri tərəfindən mühasirəyə alınır və əhalinin həmin ərazilərdən kənara çıxmaları qadağan edilir. Daha dəqiq desək, insanlar məcburi şəkildə ölüm aclığına məhkum edilir. Bu, Stalin tərəfidən həyata keçirilən əsl genosid siyasəti idi. Son statistik məlumatlara görə, həmin dövrdə SSRİ-də 8 milyon insan güllələnmiş və aclıqdan ölmüşdü.

Stalinin əsas məqsədi sənayeləşdirmə idi. Bunun üçün o, 1928 – 1933-cü illəri "Birinci beşillik" ili elan etmişdi. Təbii ki, sənayeləşdirmədə xaricdən alınacaq texnologiyaların əldə edilməsi üçün kifayət qədər valyuta lazım idi. Stalin həmin valyutanı taxıl və digər kənd təsərrüfatı məhsullarını satmaq hesabına əldə etməyi planlaşdırmışdı. Lakin, 20-ci illərin sonlarında baş vermiş dünya iqtisadi böhranı vəziyyəti dahada pisləşdirdi. SSRİ-nin ixrac etdiyi kənd təsərrüfatı məhsullarının qiyməti sürətlə ucuzlaşmağa başlayır. Buna görə də, SSRİ dünya bazarına çıxardığı məhsulların həcmini artırmalı olur. Bu isə, kəndlərin sürətlə yoxsullaşması ilə nəticələnir. Sənayeləşmənin digər əsas problemi ucuz işçi əmək qüvvələrinin əldə edilməsi idi. Problemdən çıxış yolu kimi Stalin həbs edilmiş kəndlilərin məcburi şəkildə zavodların, fabriklərin tikintisinə və şaxtalarda işə cəlb edilməsində görür. Bu məqsədlə, 1929-cu ilin iyulunda QULAQ lar (ГУЛАГ) yaradılır. Daha dəqiq desək, kütləvi qul əməyi tətbiq edilir.

Kollektivləşdirmə ilə əlaqədar məsələdə Stalinlə ciddi mübahisə edən Buxarin Kamenevin yanına gələrək, Stalini "Çirkli, eybəcər şərq despotu" adlandırır. Buxarin getdikdən dərhal sonra, Kamenev Buxarinin ona Stalin haqqında dediyi sözləri məktub şəklində Stalinə yazır. 1929-cu ildə Buxarin, 1930-cu ildə isə Rıkov Politbürodan uzaqlaşdırılır. Stalinin digər icraçısı funksiyasını yerine yetirən Lazar Moiseyevic Kaqanovic Politbüroya gətirilir, Molotov isə SSRİ Xalq Komissarları sovetinin sədri təyin edilir.

Beləliklə, 1930-cu il SSRİ-də stalinizmin əsaslarının formalaşdırırldığı mərəhələnin başlanğıcı hesab edilə bilər. Məhz həmin dövrdən başlayaraq, SSRİ-də stalinizmin əsasları yaradılır. Artıq İosif Cuqaşvili sadə vətəndaşlar üçün MK baş katibi yoldaş Stalin deyil, sadəcə "Stalin", ətrafı üçün isə "Sahib" di. (Хозяин. Məhz ətrafındakı adamlar onu belə adlandırırdılar )

Qarşıdan isə, partiyanın məşhur 1934-cü ilin XVII-ci qurultayı gəlirdi.

Birinci beşillik və zorakı kollektivləşdirmə ölkədə böyük sosial gərginlik yaratmışdı. Milyonlarla insanların sosial status və funksiyalarında ciddi dəyişiliklər baş vermişdi. Çox sayda insanlar kəndlərdən şəhərlərə gəlmiş partiya, təsərrüfat və ordu strukturlarında yerləşmişdilər. 20-ci illərin sonu, 30-cu illərin əvəlləri SSRİ-də sürətlə şəhərləşmə və fəhlə sinfinin say tərkibinin artımı prosessi gedirdi. Kəndlərsə sürətlə boşalır, aclıq və səfalət günü-gündən özünü daha açıq formada göstərməyə başlayırdı. Bu isə, istər - istəməz şəhərlərdə də ərzaq qıtlığının yaranmasına və sosial gərginliyin artmasına səbəb olurdu.

Partiyadaxili diskusiyalar qadağan edilmiş, əsas müxalifət lideri Trotski hələ 1929-cu ildən ölkədən qovulmuş, Zinovyev "Bolşevik" jurnalında redaksiya heyətinin üzvü, Kamenevsə "Akademia" nəşriyyatına rəhbrlik edirdi. Digər müxalifət lideri Buxarinsə Elmlər Akademiyasında işləyirdi. Lakin, bütün bunlara baxmayaraq, Stalin hələ də narahat idi.

Kollektivləşdirmə və sənayeləşdirmə metodları partiya sıralarında da, bir çox üzvlər tərəfindən narazılıqla qarşılanmışdı. Belə narazılıardan biri də, vaxtilə qatı stalinistlərdən hesab edilən M.N Ryütin idi. "Krasnaya zvezda" qəzetinin redaktor müavini və Xalq Təsərrüfatı Ali Sovetinin (VSNX) üzvü olan Ryütin, 1932-ci ildə bir neçə tərəfdarları ilə birgə " Marksist - Leninçı İttifaq" adlı gizli təşkilat yaradır. O, həmin il partiyada sağ və sol müxalifətin Stalinə qarşı vahid cəbhədə birləşməsinin vacib olduğunu bildirən "Stalin və proletar diktaturasının böhranı" adlı manifest yazır. Ryütin manifestdə bütün problemlərin kökündə Stalinin olduğunu və bu problemlərin yeganə həllinin onun fiziki baxımdan kənarlaşdırılmasında olduğunu bildirirdi. Lakin, həmin manifest tezliklə OQPU-nun əlinə keçir. Manifesti oxuyan Stalin belə nəticəyə gəlir ki, müxalifət liderləri (Zinovyev, Buxarin, Kamenev, Rıkov və.s) açıq deməsələr də, hardasa gizli mərkəzdə birləşiblər. 1932-ci ilin sentaybrında Politbüroda həbs edilmiş Ryütinin məsələsi müzakirə edilərkən Stalin onun güllələnməsini tələb edir. Lakin, Politbüro üzvləri bunun əleyhinə səs verirlər. Bu barədə Orconikidzeyə göndərdiyi məktubda Voroşilov belə yazırdı: "Koba onun güllələnməsini tələb etsə də, bütün Politbüro üzvləri bunun əleyhinə səs verdilər. Çünki, təcrübəli inqilabçı və bolşevikin güllələnməsi çox pis ənənə yarada bilər".

Belə bir şəraitdə, 1934-cü il yanvarın 26-da partiyanın XVII-ci qurultayı öz işinə başlayır. Tarixə "Qaliblər qurultayı" adı ilə daxil olmuş qurultayda 1966 nümayəndədən 1227 həlledici, 739 nəfər nümayəndə isə məşvərətçi səslə iştirak edirlər. Başda Zinovyev olmaqla çıxış edən müxalifət nümayəndələri birinci beşilliyin nəticələrini müsbət qiymədləndirir, Stalinin onların çoxdan tələb etdiyi sənayeləşdirmə siyasətinə qayıdışını alqışlayırlar. Qurltayda fasilə zamanı Azov - Qaradəniz əyalət partiya komitəsinin katibi Boris Petroviç Şeboldayev Stalinə yaxınlaşaraq bildirir ki, müxalifət liderləri S.M. Kirovla danışaraq onun baş katib seçilməsinə yardım etməyə hazır olduqlarını bildiriblər. Bəzi mənbələrdə isə, bu məlumatın məhz Kirovun özü tərəfindən Stalinə deyildiyi bildirilir. Ancaq hər halda, XVII-ci qurultay və ondan sonrakı prosesslər Kirov ətrafında baş verən hadiələrlə sıx surətdə bağlıdı. Kirov istər - istəməz hadisələrin mərkəzi fiquruna çevrilir.

Qurultayda MK seçkilər zamanı Kirovun ən çox səs toplaması Şeboldayevin məlumatının doğru olduğunu təsdiqləyir. Seçkinin nəticələri isə, komissiyaya rəhbərlik edən Kaqanoviç tərəfindən Stalinin xeyrinə saxtalaşdırılır. Qurultayda MK-ya üzv seçilmiş 71 nəfərdən 42 nəfəri 1937 – 38-ci illərdə güllələnir. Həmin illərdə isə, qurultay iştirakçılarından 1108 nəfəri (56,6%) repressiyalara məruz qalır və əksəriyyəti güllələnir. Təsadüfi deyil ki, həmin qurultay tarixə eyni zamanda "Güllələnmişlər qurultayı" adı ilə də daxil olub.

1934-cü ilin iyununda OQPU-nun bazasında SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) yaradılır. Yeni yaradılmış komissarlığa isə, tanınmış inqilabçı Y. Sverdlovun yaxın qohumu - əmisi oğlu - Yenox Qerşonovic İequda (Yaqoda) komissar təyin edilir.

Almaniyada iyun ayında Hitlerin göstərişi ilə təşkil edilmiş "Uzun bıçaqlar gecesi" haqqında eşidən Stalin ərafındakılara belə deyir: "Görürsüz Hitleri. Afərin. Düşmənlərlə belə davranmaq lazımdı".

1934-cü il dekabrın 1-də Smolnıda Leninqrad partiya kommitəsinin katibi, Politbüro üzvü Kirov partiya üzvü Leonid Nikolayev tərəfindən qətlə yetirilir. Anındaca törətdiyi cinayətdən sarsıntı keçirən Nikolayev şoka düşərək huşunu itirir. Xəstəxanaya yerləşdirilən Nikolayev yalnız üç gündən sonra özünə gəlir. Hadisə haqqında məlumat alan Stalin dərhal Kaqanovic, Voroşilov və Yaqoda ilə birlikdə Leninqrada gedirlər. Heç bir ilkin istintaq əməliyyatı və təqsirləndirilən şəxsdən hər hansı bir ilkin izahat alınmadan Stalin yanındakı Yaqodaya qatili Zinovyevçilər arasında axtarmaq tapşırığı verir. Beləliklə, Stalin həmin hadisəni bilərəkdən, şəxsi mənafeyi naminə siyasiləşdirir. Təbii ki, əsas məqsədsə həmin hadisədən opponentlərə qarşı təsir vassitəsi kimi istifadə etmək idi. İstintaq zamanı Nikolayev cinayəti şəxsən özünün törətdiyini və heç bir gizli təşkilatla əlaqəsinin olmadığını bildirsə də, müstəntiqlər ona əvvəlcədən yazılmış protokola imza etməyi tələb edirlər. Müstəntiqin otağından xərəkdə çıxarılan Nikolayev dəhlizdəkilərə qışqıraraq "Mən Kirovu öldürən Nikolayevəm. Görün onlar məni döyüb nə günə salıblar. Amma mən onların istədiyi protokola imza etmədim" deyir. Lakin, uzun sürən işgəncələrdən sonra, Nikolayev saxta protokolları imzalamağa məcbur olur. İldırım sürətilə keçirilən istintaq və məhkəmə prosessindən dərhal sonra Nikolayevlə bərabər, vaxtilə Trotski və Zinovyevi müdafiə etmiş bir sıra şəxslər də güllələnir.

Burada diqqəti cəlb edən çox vacib məsələlərdən biri də ondan ibarətdir ki, 1934-cü il dekabrın 1-də, Kirovun qətl edildiyi gün qəzetlərdə Mərkəzi İcraiyyə Kommitəsi və Xalq Komissarlar Sovetinin "Mövcud Cinayət Prosessual Məcəlləyə dəyişiliklər haqqında" birgə qərarı çap olunur. Həmin qərar, sovet orqan işçilərinə qarşı terror aktı törətmiş şəxslərə aid edilmişdi. Belə ki, qərara əssən bu cür işlərin istintaqı on gündən gec olmayaraq yekunlaşmalı, təqsirləndirilən şəxs vəkildən və özünümüdafiə, şikayət etmək və əfv edilməsi barədə müraciət hüququndan məhrum edilir. Güllələnmə barədə qərarın icrası həmin gün dərhal həyata keçirilirdi. Bütün bunlar, Kirovun qətlinin məhz Stalin tərəfindən sifariş verilməsinə dair fikirləri təsdiqləyir. Təsadüfi deyil ki, 1934-35 ci illərdə Birləşmiş Ştatların SSRİ-dəki səfirliyinin əməkdaşı olmuş C. Kennan 1964-cü ildə çap etdirdiyi memuarında Kirovun qətli ilə bağlı yazırdı ki, geniş yayılmış söz - söhbətlərə görə Kirovun qətlini məhz Stalin təşkil etdirib.

Dekabrın 16-da isə, Zinovyev və Kamenev həbs edilir. Onlar, Kirovun qətlinin təşkilində, Stalinə qarşı süi - qəsd hazırlamaqda və gizli antisovet mərkəz yaratmaqda ittiham edilirlər. Tarixə daha çox "Birinci Moskva prosessi" adı ilə daxil olmuş məhkəmə prosessinin istintaq materialları o dərəcədə saxta formada hazırlanmışdı ki, saxtarklıq açıq formada göz qabağında idi. Məsələn: Zinovyevə qarşı belə bir ittiham irəli sürülmüşdü ki o, 1932-ci ilin noyabrında Moskvada gizli şəkildə Trotskinin tapşırığı ilə gələn şəxslə görüşmüşdü. Halbuki, hamıya məlum idi ki, həmin dövrdə Zinovyev OQPU-nun ciddi nəzarəti altında Qazaxıstanın Kostanay şəhərində sürgündə idi.

Kirovun qətli ilə əlaqədar NKVD-nin hazırladığı hesabatda belə yazılmışdı: "Kirovun qətli bir çox insanlar arasında sevinclə qarşılanıb. Bunu eşidən bir sıra şəxslər ictimai yerlərdə Çastuşka oxuyub. Bəzi şəxslər isə, yalnız Kirovu deyil, Stalin başda olmaqla bütün MK üzvlərinin güllələnməli olduğunu deyiblər". Stalinə qarşı uydurma süi - qəsd ittihamları da buradan qaynaqlanıb. Təbii ki, bu hesabat ölkədə Stalin başda olmaqla bolşeviklərin əhali arasında nə dərəcədə nüfuzdan düşdüyünün göstəricisi idi. Məhz, həmin hesabatın tezliklə ölkədə kütləvi terror yolu ilə əhali arasında total qorxu hissi yaratmaq üçün "açar" rolu oynadığını söyləyə bilərik.

1936-cı il avqustun 25-də hərbi məhkəmənin hökmü ilə Zinovyev və Kamenev güllələnir. Şahidlərin dediyinə görə, güllələnmə yerinə aparılarkən qorxudan sifəti ağarmış Zinovyevə təsəlli verən Kamenev belə demişdi: " Özünü ələ al Qriqori, biz şərəflə öləcəyik". Statistik məlumatlara görə, yalnız bir il – 1936-cı il əzində siyasi ittihamlarla 1118 nəfər güllələnmişdi.

Stalin çox gözəl başa düşürdü ki, bütün bu cinayətlərə görə onu ən ağır cəza gözləyir. Cəzadan yayınmağın yalnız bir yolu var: Şəxsi hakimiyyətin möhkəmləndirilməsi və diktatura. Bunun üçün isə, partiyadaxili demokratiya və plüralizm ləğv edilməli, düşünə bilən bütün başlar, danışan dillər və yazan əllər kəsliməlidir. Artıq, geriyə yol yoxdu. Yalnız və yalnız irəli. Daha çox həbslər və daha çox qan. Kiçik bir qətiyyətsizlik şəxsi faclə ilə nəticələnə bilər. Ətrafdakılar, hər kəs real və potensial düşməndi. Stalin hamıdan, hamı da Stalindən qorxur.

Surxan Lətifov

Son xəbərlər
Bütün xəbərlər »