Türkiyənin Kastamo vilayətində Pınarbaşı rayonunun Karafasıl kəndində heyvandarlıqla məşğul olan Veysel Çiftçi heyvanlarını axtardığı yaylaqda itlərin hürməsi zamanı iki ayı balası görüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Ayı balalarını itlərin əlindən xilas edən fermer ərazi Jandarma Komandanlığına məlumat verərək Ətraf Mühit, Təbiəti və Heyvanları Mühafizə (HAYDİ) Qrupundan kömək istəyib.
Jandarmadan xəbər tutan Təbiəti Mühafizə və Milli Parklar Kastamonu Şöbə Müdirliyi qrupları kəndə gedərək qonur ayı balalarını qəbul edib. Kastamonuya gətirilən və donma təhlükəsi ilə üzləşən balalara tibbi yardım göstərilib.
Baytar həkim Sefa Hebipoğlu jurnalistlərə bildirib ki, hələ gözləri açılmayan ayı balaları təxminən 15 günlükdürlər.
Hər iki balanın da erkək olduğunu bildirən Hebipoğlu: "Yəqin ki, onları yuvalarından aparıblar. Deyirdilər ki, anaları yoxdur. Birinci mərhələdə onların səhhətinin yaxşılaşmasını təmin edəcəyik. Sonradan qidalansalar, reabilitasiya mərkəzinə göndərəcəyik. Onlar Hazırda vəziyyətləri stabildir, lakin bədən hərarəti aşağı olduğu üçün reanimasiyada bədən hərarətini qaldıracağıq, yeməklərini verəcəyik, gedişatını qiymətləndirəcəyik”.
Ana ayını tapmağa çalışacaqlarını bildirən Hebipoğlu: "Anaları tapılarsa, balalar ona qaytarılacaq. Anaları tapılmazsa Milli Parklar ərazisində qalıb həyatlarını orada davam etdirəcəklər".
Bizimyol.info






