Politoloq: Macarıstan, Slovakiya və Yunanıstan güzəştlər hesabına irəliləyir
Politoloq: Macarıstan, Slovakiya və Yunanıstan güzəştlər hesabına irəliləyir

Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinə etiraz edərək qərarın qəbulunu ləngidib. Afina hesab edir ki, Rusiya LNG-sinin daşınmasına qadağa Yunanıstanın güclü gəmiçilik sektoruna, xüsusilə də "Dynagas" şirkətinə ciddi iqtisadi zərbə vuracaq. Bu hadisə bir daha göstərir ki, Aİ-də Rusiyaya qarşı vahid siyasət formalaşdırmaq cəhdi üzv ölkələrin milli iqtisadi maraqları ilə toqquşmağa davam edir.

  • Aİ daxilində milli iqtisadi maraqların ön plana çıxması Rusiyaya qarşı sanksiya siyasətinin effektivliyini zəiflədən əsas amilə çevrilirmi?

Politoloq Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqı daxilində Rusiya-Ukrayna müharibəsi fonunda təhlükəsizlik qayğıları artsa da, xüsusilə enerji təhlükəsizliyi və Rusiyadan enerji asılılığının azaldılması strateji hədəfə çevrilsə də, bu və digər məsələlərdə tam konsensus yoxdur. Belə ki, müharibədən dərhal sonra, 2022-ci ildə Rusiyaya qarşı qəbul edilən sadəcə 1-ci sanksiya paketinə dair konsensus oldu. Ondan sonrakı sanksiyaların sərtləşdirilməsi məsələsində vahid Avropa mövqeyindən bəhs etmək yanlış olar.

“Xüsusilə Macarıstan, daha sonra Slovakiya, müəyyən dərəcədə isə Yunanıstan enerji məsələlərində özləri üçün güzəştlər tələb etdilər. Macarıstan və Slovakiya indiyədək Rusiyadan boru kəməri ilə neft almağa davam edirlər. Düzdür ki, Rusiya–Avropa neft kəməri olan "Drujba" müharibə nəticəsində bir neçə dəfə zərbə görsə də, bərpa olunub və bu ölkələrə Rusiya tərəfindən neft tədarükü davam edir. Hətta bu ölkələr Ukraynanı dəfələrlə kəməri vurmaqda ittiham ediblər. Yunanıstan isə Rusiyanın Yamal bölgəsindən LNG-nin (maye qazın) daşınmasında aparıcı idi”, – deyə politoloq bildirib.

Onun sözlərinə görə, o da bir sıra sanksiya paketlərində əks mövqe tutaraq xüsusi güzəştlər əldə etmişdi. Ola bilər ki, 21-ci sanksiyalar paketi çərçivəsində də müəyyən güzəştlər alaraq onun qəbuluna səs versin. Lakin bu cür "məxsusi güzəştlər" üçün son tarix artıq müəyyən olunub. Belə ki, Avropa Komissiyası 2022-ci ildə REPowerEU proqramını qəbul etdi. Bu proqram 2027-ci ilin sonunadək Rusiyadan enerji, həm qaz, həm də neft alımını tamamilə sonlandırmağı nəzərdə tutur, lakin mərhələli şəkildə. Odur ki, istisna tələb edən dövlətlər burada özləri üçün "zaman" qazana bilir və 2027-ci ilin sonunadək müharibənin başa çatmasına ümid edirlər.

Elə həmin dövlətlər də Ukraynaya hərbi yardımın sonlandırılmasını tələb edənlərdir. O cümlədən NATO-nun ən son Ankara sammitində gözlənilən 90 milyard deyil, 70 milyard dollar yardım razılaşdırıldı. Lakin bundan sonra Macarıstan, Slovakiya və Çexiya Ukraynaya ayrılan 70 milyard dollarlıq yardımda iştirak etməyəcəklərini bəyan etdilər. Göründüyü kimi, Avropa Rusiyaya qarşı 2022-ci ildən bəri vahid mövqeyə malik olmayıb və bundan sonra da belə bir mövqeyə malik olmayacağını ehtimal etmək olar.”

İradə Cəlil, Bizimyol.info