ABŞ Prezidenti Donald Trump ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında baş tutan telefon danışığı zamanı Tramp İsrail hökumət başçısının Yaxın Şərqdəki fəaliyyətini sərt və nalayiq ifadələrlə tənqid edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp Netanyahuya əsəbi şəkildə müraciət edərək onu “dəli” adlandırıb və keçmişdə ona verdiyi dəstəyi xatırladıb: “Mən olmasaydım, sən həbsdə olardın. İndi isə hamı səndən nifrət edir. Sənin ucbatından hamı İsrailə də nifrət edir”, - deyə portal qeyd edib.
Bildirilir ki, ABŞ lideri Netanyahuya birbaşa deyib ki, korrupsiya işi ilə bağlı onun həbsdən yayınmasına kömək edib. O, həmçinin Livana endirilən zərbələrin nəticəsində İsrailin beynəlxalq aləmdə daha da təcrid olunacağı barədə xəbərdarlıq edib.
"Axios" bildirir ki, Tramp xüsusilə çoxsaylı mülki şəxslərin həlak olmasından və radikal şiə hərəkatı olan “Hizbullah” komandirlərinin zərərsizləşdirilməsi məqsədilə bütöv binaların dağıdılmasından ciddi narahat olub.
İyunun 1-də Tramp Netanyahu və “Hizbullah” rəhbərliyi ilə Livanda atəşkəs barədə razılıq əldə etdiyini bəyan etmişdi. İsrail Baş naziri ilə telefon danışığından sonra ABŞ prezidenti bildirmişdi ki, İsrail ordusu “Beyruta daxil olmayacaq”.
Bundan əvvəl isə "Tasnim" xəbər agetliyi məlumat verib ki, Tehran Livanda İsrailin eskalasiyasına etiraz olaraq Vaşinqtonla mesaj mübadiləsini dayandırıb. ABŞ və İran arasında atəşkəs rejiminin uzadılması və Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını nəzərdə tutan saziş layihəsi ilə bağlı yazışmalar aparılırdı.
Qadir, Bizimyol.info