“İsveçrənin Davos şəhərində Dünya iqtisadi Formunun 56-cı illik toplantısı keçirilib. Bu dəfəki, toplantı dialoq mövzusu altında coğrafiyalar, sənayelər və nəsillər üzrə liderləri bir araya toplayır. Formun əsas amalı açıqlıq və əməkdaşlıq münasibətlərini təşviq etməkdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, müzakirələr 5 əsas qlobal çağırış ətrafında cəmləşir: “Mübahisəli dünyada əməkdaşlıq, yeni artım mənbələrinin açılması, insanlara sərmayə qoymaq, innovasiyaları məsuliyyətlə tətbiq etmək və planetar sərhədlər daxilində rifah yaratmaq. Bu gün dünyada mürəkkəb situasiyanın hökm sürdüyünün şahidiyik. Sürətli texnoloji dəyişiklik fonunda qərəzsiz dialoq son dərəcə mühümdür”.
Azər Badamov vurğulayıb ki, Dünya İqtisadi Formunun 56-cı illik toplantısı dialoqa imkan yaratmaq, problemləri ortaq problem kimi görmək və onların həllini təmin etmək, gələcəyə gönəlmiş yenilikləri diqqət mərkəzində saxlamaq üçün mühüm platformadır və forum zamanı süni intellekt, biotexnologiya, təmiz enerji sahəsində əməkdaşlıq imkanları yenidən nəzərdən keçirilir.
“Azərbaycan Prezidenti İlham Əliyev forum çərçivəsində bir sıra mühüm görüşlər keçirir, Azərbaycanın vizyonunu dünyaya təqdim edir və investorları ölkəmizə və regionumuza sərmayə qoymağa təşviq edir. İstər “Euronews” kanalına müsahibəsində, istərsə də Forum çərçivəsində Azərbaycan Prezidenti çox önəmli açıqlamalar verdi. ABŞ-Azərbaycan münasibətləri, Avropa təsisatları ilə Azərbaycan münasibətlərinin mövcud durumu bəlli oldu. Məsələ ondan ibarətdir ki, ABŞ-la əməkdaşlıq daha da inkişaf etdiriləcək, Avropanın bəzi təsisatlarının Azərbaycana qarşı tutmuş olduğu qərəzli mövqeyə artıq Azərbaycan reaksiya vermir. Çünki vəziyyəti məhz öz yanaşmaları bu cür formalaşdırdı”-deyə deputat bildirib.
Azər Badamov qeyd edib ki, Azərbaycan sülh və əməkdaşlıqda maraqlıdır, Davosda bir daha bu yanaşma dünyaya təqdim olunub.
İradə Cəlil, Bizimyol.info