Məlum olduğu kimi,AXCP sədri Əli Kərimli 2 ay 15 gün müddətinə həbs olunub. DTX-nın İstintaq Təcridxanasında təkadamlıq kamerada saxlanılır. Vəkili deyib ki, əməliyyatçılar və müstəntiq onunla nəzakətsiz davranmayıb.
AXCP bu hadisə ilə bağlı bəyanat verib və partiya sədrinin həbsini "siyasi sifariş" adlandırıb. Hakim partiya təmsilçiləri isə mediada və sosial şəbəkələrdə çıxış edərək bu iddianı təkzib edirlər. Bir qism siyasətçilər və siyasi analitiklər belə hesab edir ki, partiya sədrinin həbsi dövlətə qarşı xarici təzyiqləri artıracaq, amma təhlükəsizlik orqanlarının əlində əsas olmasa bu addım atılmazdı. Başqa bir qism isə "Ramiz Mehdiyev işi" ilə bağlı hələ bundan sonra da yeni həbslər gözləyir.
İstənilən halda ciddi şübhələr və əsaslar olmadıqda, bu cür həbslər arzuolunmazdır. Ancaq bu, baş veribsə, deməli, istəsək də, istəməsək də aparılacaq araşdırmaların sonunu gözləmək lazımdır.
Mediada bu hadisələrə reaksiyaları izlədikcə, qəribə bir situasiya ilə qarşılaşırsan. Qəribəlik nədədir?
Əvvəla, istər iqtidar, istərsə də müxalifət düşərgələrində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamların doğruluğuna şübhə edən kimsə yoxdur.
Demək olar, hamı belə düşünür ki, Cinayət Məcəlləsinin həmin üç maddəsi Ramiz Mehdiyevə, necə deyərlər, halaldır. Başqa həbslərə münasibətdə fikirlər haçalansa da, "çevriliş akademik"i ilə bağlı ictimai həmrəylik var.
Seyid Əhmədli, Bizimyol.info