“Prezident İlham Əliyev “Kazinform” agentliyinə verdiyi müsahibəsində vurğuladığı kimi Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Cənab Prezidentin də xarici siyasətdə ölkələrlə ən yüksək səviyyədə qurduğu beynəlxaq münasibətlər bu gün Azərbaycanın dünya dövlətləri arasında mövqeyini daha da gücləndirib”.
Qazaxıstan və Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin 20 yaşı var. Bu isə əlbəttə az bir müddət deyil. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işlənilib, hazırlanıb. Siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaradılıb. Biz əminliklə deyə bilərik ki, Ali Dövlətlərarası Şura iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirir.
Azərbaycan və Qazaxıstan, həmçinin çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digərləri çərçivəsində də səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür. Bu da əlbəttə yüksək səviyyəli siyasi fəaliyyətin nəticəsidir.
Reallıqdır ki, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. Son zamanlar isə biz aydın şəkildə görürük ki, qarşılıqlı ticarətdə də müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb.
Vüqar İskəndərov, Milli Məclisin deputatı