Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Şimali Koreyadan daha 30 min hərbçi cəlb etmək istədiyini və bu qüvvələrin qəbuluna hazırlıq işlərinə artıq başlanıldığını iddia edib.
Bizimyol.info xəbər verir ki, Zelenski Rusiya ilə Şimali Koreya arasındakı hərbi əməkdaşlıq barədə danışarkən bildirib ki, Moskva KXDR-dən yeni hərbi kontingent almaq niyyətindədir.
“Rusiya Şimali Koreyadan daha 30 min hərbçi gətirmək istəyir. Artıq iyun ayından Voronej vilayətində onların qəbuluna hazırlıq aparılır. Həmçinin Şimali Koreya Rusiyaya yeni ballistik raket buraxılış qurğuları verməyə hazırlaşır”, – deyə Ukrayna Prezidenti bildirib.
“Rusiya bunun müqabilində Şimali Koreyaya müharibə aparmağı öyrədir, silahlarını təkmilləşdirir və real döyüş şəraitində istifadə təcrübəsi verir. Bu, Asiyada Şimali Koreya raketlərinin çatma məsafəsində olan bütün ölkələr üçün təhlükə yaradır”, – Zelenski qeyd edib.
Ukrayna lideri bildirib ki, Kiyevin kəşfiyyat məlumatlarına əsasən, Rusiya payız ayları üçün yeni hərbi planlar hazırlayır. “Bizim kəşfiyyatın Rusiyanın payız planları ilə bağlı məlumatları var. Orada olmayan yeganə şey sülhdür”, – deyə Zelenski bildirib.
O, Rusiya Prezidenti Vladimir Putinin yeni səfərbərlik üçün şərait yaratdığını iddia edib.
Zelenskinin sözlərinə görə, cari ilin yeddi ayı ərzində Rusiya ordusuna 221 min nəfər cəlb olunub, itkilər isə təxminən 225,5 min nəfər təşkil edib. Onun açıqlamasına görə, bu itkilərdən 131 mini ölənlər, təxminən 93 mini isə yaralananlardır.
Ukrayna Prezidenti həmçinin Rusiya ordusunda tibbi təminatın zəif olduğunu və yaralananların böyük hissəsinin ağır vəziyyətdə olduğunu bildirib.
Şimali Koreya Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya açıq şəkildə hərbi qüvvə göndərdiyi bildirilən ilk ölkə olub.
Ukrayna, Cənubi Koreya və Qərb kəşfiyyat məlumatlarına görə, KXDR hərbçilərinin ilk qrupları 2024-cü ilin payızında Rusiyaya gəlib və əsasən Kursk vilayətində yerləşdirilib.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, ümumilikdə Rusiya tərəfində təxminən 15 min Şimali Koreya hərbçisi döyüşüb. 2025-ci ilin yazına olan məlumata əsasən, KXDR kontingentinin itkilərinin təxminən 4700 nəfər olduğu, onlardan 600-ə yaxınının öldüyü bildirilir.
Bizimyol.info






