Məhəmməd Baqir Qalibaf bildirib ki, Tehran güzəştlərə danışıqlar yolu ilə deyil, döyüş meydanında raket gücü hesabına nail olur.
Bizimyol.info xəbər verir ki, İran parlamentinin sədri sosial şəbəkədə paylaşdığı açıqlamada qeyd edib ki, danışıqlar yalnız mövqelərin izahı üçündür və Tehran qarşı tərəfin vədlərinə zəmanət kimi baxmır.
“Biz güzəştləri dialoq yolu ilə deyil, raketlərlə əldə edirik. Danışıqlarda sadəcə bunları izah edirik. Biz zəmanətlərə və sözlərə inanmırıq. Etimadın yeganə meyarı qarşı tərəfin əməlidir”, – deyə Qalibaf vurğulayıb.
O əlavə edib ki, istənilən razılaşmada qalib tərəf ertəsi gün müharibəyə hazır olan tərəf olur.
Bundan əvvəl "Axios" portalı ABŞ və İran nümayəndələrinin qarşılıqlı anlaşma memorandumu layihəsi üzərində razılığa gəldiyini yazmışdı. Məlumata görə, sənəd ABŞ prezidenti Donald Trampın təsdiqini gözləyir.
İddialara əsasən, mümkün razılaşma atəşkəs rejiminin uzadılması və İranın nüvə proqramı ilə bağlı danışıqların başlanmasını nəzərdə tutur.
Lakin "Tasnim" xəbər agentliyi İran və ABŞ arasında münaqişənin nizamlanmasına dair layihə mətninin son günlər dəyişdirildiyini və hələ yekun razılaşdırılma olmadığını bildirib.
Qadir, Bizimyol.info






