Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gün eynəyi alarkən əsas diqqət edilməli məqam nələrdir?
Gün eynəyi alarkən əsas diqqət edilməli məqam nələrdir?

İnsanlar əsasən yay aylarında gün eynəklərindən çox istifadə edirlər. Ancaq mənşəyi məlum olmayan saxta gün eynəkləri görmə sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Belə eynəklər günəşin zərərli ultrabənövşəyi (UV) şüalarından kifayət qədər qoruma təmin edə bilməz və göz qişasının zədələnməsinə, həmçinin başqa göz problemlərinə səbəb ola bilər.

  • Mənşəyi bilinməyən saxta gün eynəklərinin insan gözünə nə dərəcədə ziyanı var? Eynək alanda nələrə fikir vermək lazımdır?

Bu barədə Bizimyol.info xəbər portalına danışan Amerika Oftalmologiya Akademiyasının üzvü, cərrah-oftalmoloq Ergün Rəşidəlizadə bildirib ki, insanlar adətən yalnız tünd rəngli şüşənin gözü qoruduğunu düşünürlər: “Saxta və mənşəyi bilinməyən gün eynəkləri insana göz sağlamlığı üçün düşündüyümüzdən daha ciddi təhlükə yarada bilər. İnsanlar adətən yalnız tünd rəngli şüşənin gözü qoruduğunu düşünürlər. Halbuki əsas məsələ şüşənin rəngi deyil, ultrabənövşəyi (UV) şüalarını nə dərəcədə filtrasiya etməsidir. Keyfiyyətsiz və sertifikatsız gün eynəklərində UV filtr sistemi ya ümumiyyətlə olmur, ya da kifayət qədər effektiv olmur. Tünd rəngli şüşə səbəbindən göz bəbəyi genişlənir və nəticədə daha çox zərərli UV şüası göz daxilinə keçir. Bu isə uzun müddətdə gözün müxtəlif strukturlarında zədələnməyə səbəb ola bilər.

Belə eynəklərin istifadəsi nəticəsində:

  • Buynuz qişada (korneada) zədələnmələr
  • Göz quruluğu və qıcıqlanma
  • Torlu qişanın zədələnməsi
  • Kataraktanın daha erkən inkişafı
  • Sarı ləkə xəstəlikləri (makula problemləri) kimi ciddi problemlər yarana bilər.

Xüsusilə uşaqlarda və açıq havada uzun müddət çalışan insanlarda UV şüalarının təsiri daha təhlükəli hesab olunur”.

Ergün Rəşidəlizadə həmçinin vurğulayıb: “Gün eynəyi alarkən əsas diqqət edilməli məqam UV400 və ya 100% UV qoruma qeydinin olmasıdır.

Bundan əlavə məhsulun sertifikatlı olması, optik keyfiyyətinin düzgün olması, şüşənin görüntünü təhrif etməməsi, eynəyin göz ətrafını kifayət qədər örtməsi vacib amillərdir.

İnsanlara küçə satıcılarından və mənşəyi məlum olmayan ucuz məhsullardan uzaq durmaq tövsiyə olunur”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »