ABŞ Dövlət Departamenti Ukrayna üçün “Hawk” raket sistemlərinə xidmət göstərilməsi və əlaqəli avadanlıqların xarici hərbi şirkətlər vasitəsilə satışını təsdiqləyib. Satışın ümumi dəyərinin 108,1 milyon dollar olduğu bildirilir.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd olunub.
“Bu satış Avropada siyasi və iqtisadi sabitliyin əsas hərəkətverici qüvvələrindən biri olan tərəfdaş ölkənin təhlükəsizliyini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək”, – deyə açıqlamada vurğulanıb.
Qeyd edilib ki, sözügedən satış Ukraynanın mövcud və gələcək təhdidlərə qarşı müdafiə imkanlarını artıracaq. Bununla yanaşı, ölkənin özünümüdafiə və regional təhlükəsizliyin təmin olunması istiqamətində daha güclü inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsinə töhfə verəcək.
Xatırladaq ki, “Hawk” ABŞ istehsalı olan orta mənzilli zenit-raket kompleksidir. Sistem ilkin olaraq təyyarələrin məhv edilməsi üçün hazırlanıb, daha sonra isə uçuş zamanı raketlərin tutulması imkanları ilə təkmilləşdirilib.
Kompleks 1960-cı ildə ABŞ ordusunun silahlanmasına qəbul olunub. O vaxtdan bəri bir neçə dəfə modernizasiya edilən sistemin köhnəlməsinin qarşısı alınıb.
Ötən yay ABŞ Dövlət Departamenti Ukraynaya ümumi dəyəri 322 milyon dollar olan iki silah və avadanlıq paketinin satışını da təsdiqləmişdi. Həmin paketlərə təxminən 172 milyon dollar dəyərində “Hawk Phase III” raket sistemləri, dəstək sistemləri və əlaqəli avadanlıqlar daxil idi.
Qərb analitiklərinin qiymətləndirməsinə görə, bu kompleksin hava hədəfini vurma ehtimalı təxminən 85 faiz təşkil edir.
Qadir, Bizimyol.info






