Keçmiş deputat və iş adamı Nazim Bəydəmirlinin həbsdə saxlanma yeri dəyişib. O, indiyə qədər saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsindən 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.
Bu barədə Bizimyol.info xəbər portalına keçmiş deputatın həyat yoldaşı Fəridə Bəydəmirli məlumat verib. Həyat yoldaşının bildirdiyinə görə, Nazim Bəydəmirli 6 saylı cəzaçəkmə müəssisəsinə mayın 19-da axşam gətirilib: “Yeni köçürüldüyünə görə 14 gün karantində qalmalıdır. Bu müddətdə yalnız vəkili ilə görüşə bilər”.
Həyat yoldaşının səhhətindəki problemləri, həmçinin 13 saylı cəzaçəkmə müəssisəsində onunla bağlı baş verənləri nəzərə alaraq, Fəridə Bəydəmirli onun vəziyyəti barədə məlumat almaq üçün mayın 20-də səhər saatlarında 6 saylı cəzaçəkmə müəssisəsində olub: “13 saylı cəzaçəkmə müəssisəsində baş vermiş problemlərə görə 5 gün qida qəbul etməmişdi, səhhətində problemlər yaranmışdı. Xahiş etdim ki, səhhəti həkim nəzarətində saxlansın”.
Xatırladaq ki, 13 saylı cəzaçəkmə müəssisəsində “Nehrəmli Sahib” kimi tanınan Sahib İbrahimovla mübahisə etməsi əsas gətirilərək, Nazim Bəydəmirli “karsa” salınmışdı.
Nazim Bəydəmirlinin həyat yoldaşı isə onun Sahib İbrahimovun təxribatı nəticəsində cəzalandırıldığını, bu səbəbdən cəzaçəkmə müəssisəsində qida qəbulundan imtina etdiyini açıqlamışdı.
Sabiq deputatın ailəsi və vəkili onun köçürülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi.
Sahib İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, həmçinin “Avesta” şirkətlər qrupunun rəhbəri, İbrahim Nehrəmlinin qardaşıdır. O, dələduzluğa görə həbs olunub.
2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin deputatı olan Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də həbs olunub. O, hədə-qorxu ilə tələbetmə ittihamı ilə 8 il azadlıqdan məhrum edilib.
Nazim Bəydəmirli özünü təqsirli bilmir, yalan ittihamla cəzalandırıldığını bildirir.
Aytən, Bizimyol.info






