İsrail Prezidenti İshak Hersoq “Ümumi İsrail sabahı naminə Prezident təşəbbüsü” konfransının açılışında çıxış edib. O bildirib ki, daxili parçalanma dövlətin mövcudluğu üçün ən ciddi təhlükədir və vətəndaşları zorakılıqdan, qarşılıqlı ittihamlardan imtina edərək bir-birlərinə hörmətlə yanaşmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, çərşənbə günü səhər Yerusəlimdəki “Binyaney Ha-Uma” beynəlxalq konfrans mərkəzində ölkənin müxtəlif bölgələrindən minlərlə iştirakçı bir araya gəlib.
Tədbirdə ictimai təşkilatların, hərəkatların və gənclər mərkəzlərinin nümayəndələri iştirak ediblər. Onları birləşdirən əsas məqsəd İsrail cəmiyyətində konstruktiv dialoqu təşviq etməyə yönəlmiş “Sözü dəyişirik” təşəbbüsünü dəstəkləmək olub. İshak Hersoq milli birlik ideyasını dəstəkləmək üçün bu qədər insanın toplaşmasından dərin təsirləndiyini bildirib.
Prezident çıxışında vurğulayıb ki, İsrail ictimaiyyəti ölkə üçün əsas təhlükəni xarici düşmənlərdə deyil, hazırda “kritik həddə” çatan daxili parçalanmada görür. Dövlət başçısının sözlərinə görə, İsrail keçmişdə daxili münaqişələrə görə artıq “dəhşətli bədəl” ödəyib. O, konfrans iştirakçılarını nifrətə, düşərgələrə bölünməyə və zorakılığa qəti şəkildə “yox” deməyə çağırıb.
Müraciətində Hersoq gənclərin vəziyyətin yaxşılaşdırılmasındakı roluna xüsusi diqqət ayırıb. Prezident zalda iştirak edən “möhtəşəm nəsillə” birlikdə daha yaxşı gələcəyin qurula biləcəyinə əmin olduğunu bildirib. O, hər kəsi konfransı “ümumi İsrail sabahı”nın qurulması istiqamətində çalışma öhdəliyi ilə tərk etməyə çağırıb. Prezidentin fikrincə, bu gələcək bir-birini dinləmək və gündəlik ünsiyyətdə qarşılıqlı hörmət nümayiş etdirmək üzərində qurulmalıdır.
Bizimyol.info






