Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi Avropa İttifaqı üçün çox vacibdir. O deyib ki, bu məsələ Aİ xarici işlər nazirlərinin iclasında müzakirə olunacaq. Həmçinin Avropa İttifaqınln Ermənistanda yaradılacaq yeni missiyası və Azərbaycan–Aİ münasibətlərinin inkişafı da gündəmdə olacaq.
- Aİ missiyası həqiqətən də münasibətləri normallaşdırmağa yarayır, yoxsa əks təsir edir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Avropa İttifaqı bir neçə strateji problemlə üzləşib.
Bunlardan biri, hər şeydən öncə, hərbi-siyasi təhlükəsizliyini təmin etmək problemidir. 70 ildən çox davam edən NATO bloku bu gün ciddi böhran yaşayır və Avropa İttifaqı özünün təhlükəsizlik çətirini daha müstəqil şəkildə formalaşdırmağa çalışır.
Deputat vurğulayıb ki, o biri tərəfdən, dünyada baş verən hadisələr kontekstində Avropa İttifaqının inkişafını və əməkdaşlığını təmin edən kommunikasiyalarda ciddi problemlər yaranıb. Bu, həm Şərqi Avropa, Rusiya cəbhəsində, həm də Hind okeanı hövzəsi və Süveyş kanalı kontekstində özünü göstərir.
"Ona görə də Avropa İttifaqı bu gün Orta Asiya ölkələri, eyni zamanda Cənub-Şərqi Asiya və Sakit okean hövzəsi ilə əlaqələrini etibarlı şəkildə qurmaq üçün yeni marşrutlar axtarır. Məhz bu axtarışlarda ilk ağıla gələn ən səmərəli yol Azərbaycanın yaratdığı kommunikasiya şəbəkəsidir — Orta dəhliz layihəsidir. Orta Asiya ilə Cənubi Qafqazı birləşdirərək Avropaya, Türkiyə istiqamətinə yönələn “TRİPP” marşrutu — Zəngəzur dəhlizi kommunikasiyasıdır”, — deyən deputat hesab edir ki, bu kommunikasiyanın gələcəyi, hər kəsə bəlli olduğu kimi, Ermənistan və Azərbaycan arasında imzalanması nəzərdə tutulan sülh sazişindən asılı olacaq.
Hikmət Babaoğlu vurğulayıb ki, bu baxımdan, Avropa İttifaqının, xüsusilə, xarici siyasət üzrə komissarı Kaya Kallasın açıqlaması Avropa İttifaqı–Azərbaycan münasibətlərində, eləcə də, Cənubi Qafqaz kontekstində ən səmimi açıqlamalardan biridir: “Yəni bu vaxta qədər Avropa İttifaqı Cənubi Qafqaza və mövcud münaqişənin həllinə münasibətdə bu qədər açıq mövqe nümayiş etdirməmişdi. Çünki əvvəlki dövrlərdə fərqli mövqedən çıxış edirdi.
Hazırda isə, məncə, bu açıqlamalar, doğrudan da, səmimidir. Çünki nəticədə Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması iqtisadi və kommunikasiya münasibətlərinin daha səmərəli işləməsini təmin edəcək ki, bu da Avropanın maraqlarına uyğundur”.
Deputat hesab edir ki, ancaq bir məsələ var: "Avropa İttifaqı yenə də beynəlxalq hüquqdan, bərabərhüquqlu tərəfdaşlıq mövqeyindən deyil, Ermənistan və Azərbaycan arasında sülhü istismar edərək daha çox dividendlər əldə etmək mövqeyindən çıxış edir. Avropa İttifaqının hər nə qədər bu gün Azərbaycana, Azərbaycanın yaratdığı kommunikasiyalara ehtiyacı varsa, bir o qədər də yenə selektiv siyasət həyata keçirmək niyyətindən əl çəkmir.
Avropada və beynəlxalq münasibətlər sistemində ciddi nüfuzu və gücü olmayan Belçika parlamenti və Niderland parlamenti vasitəsilə guya Azərbaycana təzyiq göstərməyə cəhd edilir.
Necə ki, uzun illər Avropa İttifaqının Azərbaycana təzyiqləri nəticəsiz qaldı, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Elə də bu cür qeyri-səmimi münasibət varsa, o iflasa məhkumdur”, — deyə deputat bildirib.
İradə Cəlil, Bizimyol.info






