ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukrayna və Rusiya bir neçə dəfə sülh sazişinə yaxın olublar, lakin hər dəfə tərəflərdən biri geri çəkilib.
Bizimyol.info xəbər verir ki, bu barədə o, Cənubi Amerika liderləri qarşısında çıxışı zamanı deyib.
Prezidentin sözlərinə görə, əsas problem Ukrayna ilə Rusiya arasında hökm sürən böyük nifrətdir. “Bilirsiniz, Ukrayna və Rusiya… Bəzən düşünə bilərsiz ki, aralarında dostluq var, amma əslində böyük nifrət mövcuddur. Razılığa gəlmək onlar üçün çox çətindir. Hədsiz dərəcədə çətindir. Görək, bundan sonra nə olacaq”, – deyə Tramp qeyd edib.
O həmçinin bildirib ki, sülh danışıqlarında iştirakı sadəcə Avropaya kömək məqsədi daşıyır, çünki Ukraynadakı müharibə ABŞ-a “çox təsir etmir”.
“Əslində biz uduzmuruq. Uduzan onlar olur. Bizə bu o qədər təsir etmir, çünki aramızda okean var. Mən bunu Avropaya bir xidmət olaraq edirəm. Sona qədər davam edəcəyik”, – deyə Tramp əlavə edib.
Bundan əvvəl ABŞ nümayəndəsi Stiv Vitkoff yaxın həftələrdə sülh danışıqlarında “əlavə irəliləyiş”in olacağını açıqlamış və bu həftə Ukrayna ilə Rusiya arasında baş tutan yeni əsir mübadiləsinin Trampın tapşırığı ilə aparılan uzun və ətraflı danışıqlar sayəsində mümkün olduğunu xatırladıb.
Tramp daha əvvəl qeyd etmişdi ki, Ukrayna Prezidenti Vladimir Zelenski sülh sazişinə mane olur. O, "Politico"ya verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinin "müharibəyə son qoymaq üçün danışıqlara hazır olduğunu" vurğulayaraq "Zelenskinin hərəkətə keçməsi və razılaşma əldə etməsi lazımdır" deyib.
Bizimyol.info






